
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində hüquq-mühafizə orqanları yenidən axtarış aparır. Modern.az xəbər verir ki, bu barədə M. Əzizovanın anası Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə hazırda M.Əzizovanın evində axtarış prosesi gedir.
“Mən Bakıda deyiləm. Mətanətin evində axtarış gedir”-deyə M.Qəhrəmanlı qeyd edib.
Qeyd edək ki, bir neçə gün öncə də M.Əzizovanın evində axtarış aparıldığı iddia olunsa da, Baş Prokurorluq faktı təkzib etmişdi.
Xatırladaq ki, axtarışların “Ayna-Zerkalo” qəzetinin dövlətə xəyanətdə şübhəli bilinərək həbs olunan siyasi icmalçısı Rauf Mirqədirovun işi ilə bağlı olduğu ehtimal edilir.
M. Əzizovanın həyat yoldaşı Eldar Əzizov da Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində ifadə verməyə çağırılıb.
M. Əzizovanın isə harada olduğu dəqiq bilinmir. M. Qəhrəmanlı qızının xaricə seminara getdiyini desə də, dəqiq informasiya əldə edilməyib. M. Əzizovanın mühacirətə getdiyi ilə bağlı iddialar da səslənir.
Modern.az