
“ABŞ-ın Kaliforniya ştatının yerli assambleyası tərəfindən 8 may tarixində qəbul edilmiş qətnamə deklarativ xarakterli olaraq, heç bir siyasi və hüquqi gücə malik deyil”.
Bu bəyanatı Azərbaycanın Xarici İşlər Nazirliyi verib.
Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri olaraq, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsasında həllinə dəstək verir.
”ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyi ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrinin son açıqlamalarında da öz əksini tapıb. Kaliforniya ştatının yerli assembleyasında olan erməni diaspor nümayəndələri və onların əlində alət olan və maliyyə ianələri hesabına fəaliyyət göstərən şəxslər öz şəxsi maraqlarını və tamah hisslərini hər şeydən üstün tutaraq, erməni lobbisinin sifarişi və hazırladığı ssenari əsasında belə bir ədalətsiz addıma imza atmışlar.
ABŞ ictimaiyyətinin nümayəndələrinin etirazları ilə qarşılaşan bu sənəd ilk növbədə ABŞ-ın mövqeyinə və maraqlarına ziddir. Qətnamənin məqsədyönlü şəkildə 8 may tarixində Azərbaycan Respublikasının Şuşa şəhərinin işğalının 22-ci ildönümü günündə qəbul edilməsi bilavasitə təxribat xarakteri daşıyaraq, özünü demokratiya “carçısı” adlandıran insanların təcavüz, işğal və etnik təmizləməni təşviq edən əsl mahiyyətini bir daha ortaya qoymuş olur.
Münaqişənin əsl mahiyyətinə göz yuman və yalnız öz məhdud maraqları çərçivəsində fəaliyyət göstərən erməni lobbisi və onun əlində alət olan şəxslər münaqişənin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə töhfə vermək əvəzinə bu təxribatçı addımları ilə regiondakı vəziyyətin gərginləşməsinə rəvac verirlər”.
Qeyd edək ki, ötən gün ABŞ-ın Kaliforniya ştatı Ermənistanın işğal etdiyi Azərbaycan ərazisi olan Qarabağda erməni seperatçıalrının yaratdığı qondarma qurumu tanıyıb.
Modern.az