
“Axundlar, imamlar islamı elə çatdırmalıdırlar ki, heç bir təfriqə olmasın”. APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışı ilə bağlı keçirilən konfransda QMİ sədri Allahşükür Paşazadə deyib. O bildirib ki, Azərbaycanın bütövlüyü və dövlətçilik hər şeydən önəmlidir: “İstər vəhhabi, istər nurçu, istər digər cərəyanlar olsun, dövlətçiliyə qarşı mübarizə aparanlara qarşı amansızlıqla mübarizə aparacağıq. Burada səfirlər də var, mən mövqeyimi açıq deyirəm. Azərbaycan dövlətçiliyi bizim üçün ən önəmlisidir”.
A. Paşazadə xatırladıb ki, 33 ildir şeyxülislamdır: “Mən təkmilləşdirmə kursundakı insanlara öz övladlarım kimi baxıram. Onları Azərbaycan dövlətçiliyinə, həqiqi islama xidmət edən insanlar kimi görmək istəyirəm”.
QMİ sədri deyib ki, din xadimləri dövlətin möhkəmlənməsi və dinin inkişafı istiqamətində də işlər görməlidirlər: “Biz də dövlətimizə qarşı olanlara, düşmənlərə qarşı birgə savaşmalıyıq. Biz işğal olunmuş torpaqlarımızın dərdini çəkməliyik, ancaq bir şuşalı gedib Suriyada ölür. Sünni-şiə məzhəbləri arasında nifaq salınması məsələlərinə ehtiyatla yanaşmalıyıq. Nə üçün biz sünni və şiəyə ayrılmalıyıq, düşmən də bundan istifadə etməlidir? Elə analar var ki, mənin yanıma gəlib deyirlər ki, oğlunu qaytaraq, heç olmasa ölüsünü...".
Modern.az