Hüquqşünas Erkin Qədirli Respublikaçı Alternativ (REAL) Hərəkatı Məclisinin başqanı vəzifəsindən çıxarılıb.
“Media forum” saytının məlumatına görə, qərar mayın 12-də REAL Hərəkatı İdarə Heyətinin iclasında qəbul olunub.
Mayın 13-də hərəkatdan “Media forum” saytına verilən açıqlamada deyilir ki, iclasda Erkin Qədirlinin son müsahibələri və sosial şəbəkələrdə yaydığı ifadələr, həmçinin həmin ifadələrə gətirdiyi izahlar müzakirə olunub. İclasda bunlar ciddi yanlışlıqlar kimi qiymətləndirilib, qeyd olunub ki, əvvəlki iclaslarda edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq Erkin Qədirli yanlışlıqlarını düzəltməyə əməli cəhd göstərməyib: “Ona görə də, təklif olundu ki, Erkin Qədirli REAL Hərəkatının Məclis başqanı və İdarə Heyətinin üzvü vəzifələrindən çıxarılsın”.
Hərəkatın açıqlamasında bildirilir ki, , Erkin Qədirlinin Məclis başqanı və İdarə Heyətinin üzvü vəzifələrindən çıxarılması təklif REAL Hərəkatının hazırda həbsdə olan sədri İlqar Məmmədova da öncədən göndərilibmiş. İlqar Məmmədov məsələylə bağlı öz xüsusi rəyini İdarə Heyətinin üzvlərinə çatdırıb. Açıqlamaya görə, Erkin Qədirli Məclis başqanı vəzifəsindən İlqar Məmmədovun da rəyi nəzərə alınmaqla çıxarılıb.
Eyni zamanda qərara alınıb ki, Erkin Qədirli İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirsin, amma onun İdarə Heyətində səs vermək, eləcə də REAL Hərəkatının fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrinə müsahibə vermək hüququ 3 ay müddətinə məhdudlaşdırılsın.
Hərəkatın açıqlamasında vurğulanır: “İdarə Heyəti REAL Hərəkatının ilk qurucularından olan Erkin Qədirliyə qarşı belə tədbirlərə əl atmaq məcburiyyətində olduğuna görə dərin təəssüfünü bildirir və xüsusilə vurğulayır ki, hərəkatın kollektiv kimliyinə, təməl prinsiplərinə və proqram sənədlərinə zidd hərəkətlər edən heç bir üzvünə güzəştə getməyəcək. REAL Hərəkatı demokratiya uğrunda çalışan və özündə demokratiyanı yaşadan siyasi təşkilatdır və şəxsi nüfuzundan asılı olmayaraq bütün üzvlərimiz demokratik dəyərlərə hörmət etməli, onlara sadiq qalmalıdır.
REAL Hərəkatı yarandığı ilk gündən ölkədə həqiqi cümhuriyyətin bərpasına, insan hüquq və azadlıqlarının, demokratik prinsiplərin bərqərar olmasına, Avroatalntik məkanın bölüşdüyü fundamental bəşəri dəyərlərin cəmiyyətdə təbliğinə əzmlə çalışıb, fəaliyyətinin bütün istiqamətlərini məhz bu dəyərlər üzərində qurub. Hərəkatın rəsmi mövqeyini ifadə edən proqram sənədlərində bütün bu prinsiplər öz əksini hərtərəfli şəkildə tapıb. REAL Hərəkatı ilk gündən kollektiv kimlik, kollektiv idarəetmə prinsiplərini ölkə siyasətinə gətirməyə və bu qavramların siyasi dilə oturmasına çalışıb. Bir daha bəyan edirik ki, yanlız REAL İdarə Heyəti adından yayılan bəyanatlar, sənədlər, açıqlamalar hərəkatımızın rəsmi mövqeyi sayılmalıdır”.
Modern.az