Ermənistana səfər edən Fransa prezidenti Fransua Oland mayın 12-si Yerevanda biznes forumunda çıxış edib. O, Ermənistanın Avropa Birliyinə inteqrasiyasına toxunaraq deyib ki, ölkənin çətinliklərini, o cümlədən blokada səbəbindən yaranmış problemlərini anlayır. “Media forum” saytı xəbər verir ki, Fransua Oland Avropa Komissiyası qarşısında Ermənistan üçün daha yaxşı şərait yaratmaq məsələsi qaldıracağını bəyan edib.
Fransua Oland qeyd edib ki, Ermənistanın Gömrük İttifaqı və Avrasiya İqtisadi Şurasına daxil olmaq, yoxsa Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaq kimi seçim qarşısında qalmasını istəmir: “Mən istəmirəm siz iki imkandan birini seçməyə məcbur olasınız. Avropa Birliyi ilə assosiasiyanın elə variantı seçilməlidir ki, Ermənistanın Gömrük İttifaqı və Avrasiya İqtisadi Şurasına inteqrasiyasını əngəlləməsin”. Fransua Oland mayın 12-si Yerevanda soyqırımı abidəsini ziyarət edib, erməni əsilli fransız müğənni Şarl Aznavurun konsertinə qatılıb. Günün sonunda Ermənistan prezident Serj Sərkisyan Fransua Olandın şərəfinə şam yeməyi verib.