
Modern.az xəbər verir ki, bu gün Təhsil Nazirliyində “Sabah” qruplarına qeydiyyatın başlanması ilə bağlı tədbir keçirilib. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, “Sabah” qruplarının yaradılması ilə bağlı təşəbbüsü təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsüdür:
“Qısa müddətdə bu istiqamətdə çox işlər görülüb. Ölkədə iqtisadiyyat sürətlə inkişaf edir. Bu inkişafa lazım olan kadrlar sürətə davam gətirmir. Qrupların yaradılması universitetlərdə rəqabət mühiti formalaşdıracaq. Bazarın tələblərinə cavab verəcək. Xüsusi təyinatlı ali məktəblər istisna olmaqla həm dövlət, həm də özəl ali məktəblər müraciət edə bilərlər”.
Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov isə bildirib ki, bu gündən etibarən qeydiyyata start verilib: “Yalnız akademik göstəricisi 61 baldan yuxarı olan birinci kurs tələbələri qeydiyyatdan keçə bilər. Onlar yalnız öz ixtisası üzrə müraciət edə bilərlər. Bu qruplara qəbul üç mərhələdən ibarətdir: elektron ərizə, məntiq və xarici dil daxil olmaqla 50 sualı cavablandırmaq və yüksək nəticə göstərənlər iyulun 1-dən 15-dək müsahibə, müsabiqə mərhələsində iştirak edə bilərlər. Qəbul olan 1300 tələbə 2-ci kursdan etibarən 52 ixtisas üzrə 8 baza ali təhsil müəssisəsində təhsil ala biləcək".
O, qeyd edib ki, aztəminatlı tələbələr yataqxana və yeməklə təmin ediləcək. Sabah qruplarının məzunları Azərbaycan iqtisadiyyatına öz töhfəsinin verəcəklər.
Qeyd edək ki, qrupun tələbələri üçün mütəmadi olaraq ictimai xadimlərlə, şirkət rəhbərləri ilə, dövlət qurumlarının təmsilçiləri ilə görüşlər təşkil ediləcək. “SABAH”ın fərqlənənləri xarici ölkələrdə təcrübəyə göndəriləcək.
Xatırladaq ki, qeydiyyatdan keçmək istəyən 1-ci kurs tələbələri www.sabah.edu.az saytına müraciət edə bilərlər.
Rafiq Qənbərov