
Ukrayna müstəqilliyi illərində ən çətin dövrünü yaşayır, bizim üstümüzə müharibə ilə gəliblər. Ona görə yeni prezidenti, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanını tez seçmək lazımdır ki, ölkəyə sülh, sabitlik və qayda-qanun qayıtsın. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin ilk prezidenti Leonid Kravçuk bəyan edib. Onun fikrincə, bu gün prezident seçkilərinin keçirilməsini təmin etməkdən və düşmənə və beşinci kolona bunu pozmağa imkan vermək olmaz. Kravçukun sözlərinə görə, yeni dövlət başçısının ilk addımı terror əleyhinə əməliyyatları qələbə ilə başa çatdırmaq, Rusiya meylli qüvvələri tərksilah etmək, hakimiyyətin mərkəzləşdirilməsi haqda yubanmadan qərar qəbul etmək, regionlarla bağlı yeni siyasət tətbiqi, Avropa İttifaqı ilə azad ticarət zonası və assosiativ razılaşmanın iqtisadi hissəsini imzalamaq olmalıdır.
Keçmiş prezidentin fikrincə, gələcək dövlət başçısının başlıca strateji vəzifəsi Ukraynanın Avropa İttifaqının bərabərhüquqlu üzvü olmasını təmin etməkdir: “Yaxşı olardı ki, insanlar prezidenti ilk turda – mayın 25-də seçsinlər. Biz buna bənzər situasiya ilə keçən əsrin 90 illərin əvvəllərində dövlət müstəqilliyi uğrunda mübarizə aparanda da rastlaşmışıq. O zaman milləti birləşdirmək, situasiyanı stabilləşdirmək və bizim xalqın azadlıq haqqına şübhə edənlərə cavab vermək üçün prezident seçmək lazım idi. İnsanlar da bunu çox yaxşı başa düşürdülər. 1991-ci ildə prezidenti ilk turda seçdilər. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Bu, Putinə və onun casuslarına ən yaxşı cavab olacaq”.
Modern.az