Modern.az

Riyakar Sahil bağının 2 qəpiklik adamları – FOTOLAR

Riyakar Sahil bağının 2 qəpiklik adamları – FOTOLAR

Təhsil

13 May 2014, 15:39

Paytaxtın göbəyi sayıla biləcək ərazidəki bu bağ Cümhuriyyət dövründə Hürriyyət meydanı adını daşıyıb. Mən o dövrü görməmişəm – yaşım azdır. Amma “26-lar” dövrü yadımdadı. Yaddaşımda daha çox qalan da mənfur abidənin arxasındakı hovuzdu. Dizə qədər hündürlüyü olan hovuza “dilək tutub” xırda pul atardılar: ağ 10 qəpik, qara 5 qəpik. Əlbəttə, bunu ciddidən ciddiyə yox, elə-belə, məzəyə edirdilər. Çünki suyu həmişə yosun rəngli olan hovuzun nə müqəddəsliyi ola bilərdi ki!?

O zamanlar bir qoca yəhudi adamların arasında dolaşaraq “qara pul” yığırdı. Əynindəki bitli-sirkəli cır-cunadan adam ürkərdi. Pıtraq saç-saqqalı ilə kütlənin arasında asan seçilərdi. “Uşaqlar, 2 qəpikliyiniz olmaz?” – dilindən düşməyən daimi sual. Çox vaxt verməzdilər. Çünki 2 qəpiklik avtomat telefondan zəng etmək üçün hamıya lazım olurdu. Amma “qara pul”undan keçənləri də həmişə bir şey maraqlandırırdı. “Axı bu qoca 2 qəpikliyi neyləyir?” Bu sirri heç kim  sonadək çözə bilmədi. Elə mən də. Amma o qocanı çox-çox sonralar köhnə Cuhudlar məhəlləsində bir dəfə görmüşəm. Yəhudilərə pulsuz nahar verən bir İsrail xeyriyyə cəmiyyətinin ofisi qarşısında. Müftə şorba üçün. Heç dəyişməmişdi. Əynində elə həmin xələt, saç-saqqalı da illərdi qayçı görməmiş halda.

Modern.az-da təqdim etdiyim bu üç fotoda (1-ci – 1958-ci il, 2-ci – 1970-ci illər və nəhayət, 3-cü 2014-cü il) indi Sahil bağı adlanan məkanın elə üç fərqli görüntüsü var. Köhnə Bakının bu məkanına sovet vaxtı pionerləri gətirirdilər. And içməyə. Mən də boynumda o qırmızı xəcalət qalstukunu gəzdirmişəm. Niyə gizlədim!? “Sehirli xalat”da Rəşidlə Zərifənin müstəbid xana qalib gəlməyinə, kosmosa səyahətinə tamaşa etmişəm. Hətta əsl İo Kionun – İqor Kionun sirkdəki tamaşasında da olmuşam...

İndi, 2014-cü ildə ən böyük arzum “Sehirli xalat”ı əynimə geymək istətdim. Tam ciddi! Hərdən keçmişə boylanmaq lazımdı. Cildini dəyişmiş tanınmış adamların köhnə-kürüş simalarına tamaşa eləmək üçün. Mitinqlərdə canfəşanlıq edən, alovlu nitqləri ilə kütləni coşduran adamların indiki halını müqayisə eləmək üçün. Fərq yoxdur, eyni surətlər, eyni mimika və jestlərdir! Adam istər-istəməz hayqırmaq istəyir: “Çıxarın maskalarınızı, siz elə həmin adamlarsız!” Sahil bağının daş döşəməsi də laldır, danışa bilmir. Həm də bu bağın özü də riyakardır, gör neçə sima dəyişib. Lap maskalı insanlar kimi...


 

Əziz Rzazadə  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı