Qrupları 34 ali təhsil müəssisəsindən 8-nin bazasında yaradılacaq

Bu gün “SABAH”qruplarının təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov, ADU-nun Pedaqoji fakültəsinin dekanı, professor Əfqan Abdullayev, rektorun müşaviri Vazeh Əsgərov, Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin I kurs tələbələri iştirak ediblər. Təqdimatın əvvəlində Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov “SABAH” qrupları ilə bağlı geniş məlumat verib. O, təhsilin keyfiyyətini daha da artırmaq, dəyişən, çevik iqtisadiyyata uyğun kadrlar hazırlamaq, tələbələr arasında sağlam rəqabət yaratmaq məqsədilə belə qrupların yaradılmasının zəruriliyini qeyd etdi. S.Gözəlov elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan ali məktəblərdə “SABAH” qruplarına seçilmiş tələbələrin ikinci kursdan təhsillərini davam etdirəcəklərini söylədi.
SABAH 20 minə yaxın tələbəni əhatə edəcək
O, bu qrupların 34 ali təhsil müəssisəsindən 8-nin bazasında yaradılacağını və 52 ixtisas olmaqla 5 ixtisas qrupunu, ümumilikdə, 20 minə yaxın tələbəni əhatə edəcəyini bildirib. Bu ixtisaslardan ikisi – rus dili və ingilis dili müəllimliyi ixtisasları üzrə SABAH qrupları Azərbaycan Dillər Universitetində və Bakı Slavyan Universitetində yaradılacaq. Başqa sözlə, 33 ali təhsil müəssisəsinin hər hansı birində rus dili və ya ingilis dili müəllimliyi ixtisasları üzrə təhsil alan və SABAH qrupuna qəbul olan birinci kurs tələbələri növbəti tədris ilindən təhsilini müvafiq olaraq Dillər Universitetində və ya Bakı Slavyan Universitetində davam etdirəcəklər. Bu zaman onların hamısı təqaüdü alacaq, aztəminatlı tələbələr yataqxana və qida ilə təmin olunacaq.
Qaydalar necədir?
Daha sonra Sülhəddin Gözəlov tələbələri qəbul qaydaları ilə geniş şəkildə tanış etdi. Birinci semestrdə 61 baldan yuxarı göstəricisi olan tələbələrin iştirak edəcəyi qəbul prosesi 3 mərhələdən ibarət olacaq: əvvəlcə tələbə qeydiyyatdan keçəcək, ikinci mərhələdə 25 məntiq və 25 xarici dil olmaqla 50 sualı cavablandıracaq, 3-cü mərhələdə isə şifahi müsahibədə iştirak etməli olacaq. Dərslər yerli müəllimlər tərəfindən aparılacaq, o cümlədən xarici universitetlərin mütəxəssisləri də mühazirələr oxuyacaqlar. Sülhəddin Gözəlov artıq müvafiq universitetlərdə “SABAH” mərkəzlərinin yaradıldığını bildirdi.
Bütün qruplarda olan tələblər təqaüd alacaq
Təhsil Nazirliyinin nümayəndələri “SABAH” qrupları ilə bağlı təqdimat keçirdikdən sonra tələbələrin çoxsaylı suallarına cavab verdilər. Tələbələrin əsas suallarından biri təqaüdlə bağlı oldu. Bununla əlaqədar olaraq Sülhəddin Gözəlov “SABAH” qruplarında təhsil alan tələbələrin ödənişli və ya dövlət sifarişi ilə oxumalarından asılı olmayaraq təqaüd alacaqlarını qeyd etdi. Eyni zamanda o, bu qruplarda təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin yataqxana və yeməklə təmin olunacaqlarını da sözlərinə əlavə etdi. Daha sonra Sülhəddin Gözəlov “SABAH” qruplarının tələbələri ilə mütəmadi olaraq müxtəlif dövlət səviyyəli görüşlər keçiriləcəyini və onların həm vətənimizdə, həm də xarici ökələrdə təcrübə proqramlarından keçəcəklərini tələbələrin diqqətinə çatdırdı. O, tələbələri Azərbaycan Dillər Universitetində “SABAH” mərkəzinin koordinatoru Gülnar Dadaşzadə ilə tanış etdi və tədbirdən sonra tələbələrin “SABAH” qrupları ilə bağlı ona da müraciət edə biləcəklərini dedi.
İmtahanların 5-15 iyul tarixlərində keçirilməsinin planlaşdırıldığını deyən S.Gözəlov Təhsil Nazirliyinin saytının tərkibində “SABAH” qruplarının fəaliyyəti ilə bağlı səhifənin istifadəyə verildiyini də diqqətə çatdırdı.
Qeyd edək ki, SABAH qrupuna qəbul olmaq üçün iyunun 12 -dək www.sabah.edu.az saytında qeydiyyatdan keçmək lazımdır.
Gültəkin ƏLƏSGƏR