Mayın 24-də Portuqaliyanın paytaxtı Lissabonda Çempionlar Liqasının final oyunu baş tutacaq. Finalda Madridin iki komandası – “Real” və “Atletiko” görüşəcək. Bu, “Atletiko”nun tarixində Çempionlar Liqasının ilk finalı olacaq.
Modern.az xəbər verir ki, bu arada finala hazırlaşan “Atletiko” klubu paytaxt Madriddə müxtəlif tədbirlər gerçəkləşdirir. Belə tədbirlərdən biri də şəhərdə “Atletiko”nun geyimini reklam edən nəhəg lövhələrin yerləşdirilməsidir. Bu reklam lövhələri həm də idman formasının üzərində böyük hərflərlə adı yazılmış “Azərbaycan”I tanıdır.
Xatırladaq ki, “Atletico” komandası oyunlara üzərində “Land of Fire Azerbaijan” sözləri yazılan forma ilə çıxır. Bu, 2013-cü ilin martında “Bakı” klubu ilə imzalanmış əməkdaşlıq müqaviləsindən sonra gerçəkləşib. Bu yaxınlarda müqavilənin müddəti 2016-cı ilin yanvarınadək uzadılıb. İspaniyada düşünürlər ki, əgər “Atletico” Lissabondakı final matçında “Real”a qalib gəlib Çempionlar Liqasının kubokunu qazansa, o zaman bu zəfər təkcə Portuqaliyanın və İspaniyanın paytaxtlarında deyil, həm də Xəzər dənizinin sahilindəki Bakıda da qeyd ediləcək.

A.Qorxmaz