
Bu il yanvarın 28-də Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində cəbhə xəttini keçərkən saxlanılan, daha sonra martın 4-də Ermənistana qaytarılan təxribatçı Mamuko Xocayan ölüb.
Modern.az saytının məlumatına görə, bu barədə “Novosti Armenii” agentliyinə onun qızı məlumat verib. Amma 77 yaşında ölən yaşlı erməninin qızı atasının dünyadan köçməsində Azərbaycan tərəfini günahlandırıb. Erməni qızı deyib ki, guya, Mamuko Xocayanın damarlarına dizel yeridiblər. Erməni KİV-ləri də 77 yaşlı qocanın ölümündən Azərbaycan əleyhinə təbliğatda istifadə edirlər.
Halbuki, Mamuko Xocayan Azərbaycanda saxlanıldığı müddətdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi nəzarətində olub və ölkəsinə də sağ-salamat qaytarılıb.
Modern.az