ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın 16-19-da regiona səfərləri ilə bağlı yekun bəyanat yayıb. Xəbər verdiyimiz kimi, həmsədrlər Dağlıq Qarabağa səfərlərinin icmalında Azərbaycanın işğal altında olan bölgələrində əhali sayında artım müşahidə olunmadığını bildiriblər. Ancaq Suriya ermənilərinin Qarabağ ərazisində məskunlaşdırılması faktı da mövcuddur. Həmsədrlər isə bəyanatlarında bu amili qabartmayıblar.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatla bağlı reaksiyası gecikməyib. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Modern.az-a bildirib ki, Azərbaycan Suriya ermənilərinin Qarabağda məskunlaşdırılması məsələsini dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldırıb:“Biz bununla bağlı müxtəlif təşkilatlara və Minsk Qrupunun həmsədr ölkələrinə məktublar ünvanlamışıq. Biz Suriyadan olan ermənilərin Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz məskunlaşdırılması ilə bağlı məlumatlar təqdim etmişik”. XİN rəsmisi qeyd edib ki, Ermənistanın işğal altındakı torpaqlarda qanunsuz məskunlaşdırma siyasəti aparması Dağlıq Qarabağ münaqişəsinin həllinə xələl gətirir. O vurğulayıb ki, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması bir təxribatdır: “Azərbaycan bu məsələni faktlarla dünya ictimaiyyəti qarşısında qaldırmaqda davam edəcək. Ermənistanın işğal altındakı torpaqlarımızda qeyri-qanuni məskunlaşdırma aparması faktı ilk deyil. Bununla bağlı ATƏT-in fakt araşdırma missiyasının və sahə araşdırma missiyasının hesabatları mövcud olub. Bu hesabatlarda Minsk Qrupunun həmsədrləri Minsk Qrupunun həmsədr ölkələri Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma siyasətini vurğulayıblar”.
E. Abdullayevin sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış status-kvonun saxlanmasına maraqlı olduğunu bir daha nümayiş etdirir: “Ermənistan təkcə qanunsuz məskunlaşdırma aparmır, işğal altındakı ərazilərimizdə başqa qanunsuz əməllər də həyata keçirir. Onların Azərbaycanın tarixi-coğrafi adlarının dəyişdirilməsi, mədəni-tarixi irsimizin məhv edilməsi kimi qanunsuz hərəkətləri mövcuddur. Beynəlxalq ictimaiyyət bütün bunlardan məlumatlıdır və öz hesabatlarında da bu faktları vurğulayıblar”.
Aqşin Kərimov