
“Bakı Metropoliteni”nin 3-cü Şimal sahəsinə daxil olan “Dərnəgül” deposunun tikintisi üçün 7-ci mikrorayonda ayrılmış ərazidə yaşayan məcburi köçkünlər məhkəmə qərarı ilə razılaşmırlar.
Məhəllə sakinləri kompensasiya verilməyəcəyi təqdirdə öz evlərini tərk etməyəcəklərini dönə-dönə vurğulayırlar. Yaxşı Sadıqovanın sözlərinə görə, Metropolitenin hüquqşünası Nigar Rəhimzadə əvvəlki sədrin, yəni Tağı Əhmədovun göstərişi ilə şəxsən ölçü aparılması işlərində iştirak edib. Hüquqşünas sakinlərə hər kvadratmetr yaşayış sahəsi əsasında kompensasiya veriləcəyini deyib. Bir müddət sonra isə sakinlərə bildirilib ki, hesablanmış məbləğ onların bank hesabına köçürülüb.
Amma köçürülən məbləğlər 30-60 min manat arası olub və bu sakinləri əsla qane etməyib.
Məcburi köçkünlər bildirir ki, həmin məbləğlər çox aşağı olduğundan onunla ev almaq mümkün deyil. Həmçinin onlar qeyd edirlər ki, hazırda yaşadıqları evlərin tikintisi zamanı onlara heç kəs kömək etməyib. ”Öz cibimizin pulu, əlimizin qabarı ilə ev tikmişik. İndi Mehdiabadda verilən iki otaqlı mənzilə niyə köçməliyik? Axı yataqxanada məskunlaşanlara kompensasiya verilib, bu evi isə biz özümüz tikmişik. Bizə niyə kompensasiya vermirlər?!”.
Mehdiabadda onlar üçün ayrılan mənzillərin daimi deyil, müvəqqəti sığınacaq olduğunu vurğulayan məcburi köçkünlərin iradlarına “Bakı Metropoliteni” QSC-nin hüquqşünası Nigar Rəhimzadə indi əks-dəlil söyləməkdə çətinlik çəkir.
Binəqədi Rayonu İcra Hakimiyyəti, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin rəsmiləri isə qərarın dəyişməyəcəyini bildirirlər. “Ali Məhkəmənin qərarı hər şeydən üstündür”.








Gülşən RAUFQIZI