“Bu gün Azərbaycan təhsilinin iki başlıca problemi var. Birincisi, kadr məsələsidir. İkinci problem isə müəllimlərin əmək haqqı ilə bağlıdır. Bu iki problem bir-biri ilə sıx əlaqədədir. Güman edirəm ki, bu iki problemi həll etmədən Azərbaycan təhsilini inkişaf etdirmək olmaz”.
Bunu Modern.az-a təhsil eksperti Nəbatəli Qulamoğlu deyib: “Çəkilən zəhmətin mahiyyətindən, fəlsəfəsindən göründüyü kimi, müəllimlərin sınaq imtahahına çəkilməsi məhz diaqnostika xarakteri daşıyır, müəllimlərin ümumi bilik qabiliyyətlərini yoxlamaq məqsədi daşıyır. Əmrdə qeyd edildiyi kimi, bu, həm də müəllimlərin gələcək attestasiyasına hazırlıq məqsədi daşıyır. Düzgün qərardır. Ümumiyyətlə, Azərbaycan təhsilində kadr məsələsini önə çəkmək lazımdır. Müəllimlərin müasir təhsillə hansı səviyyədə silahlanması, ümumi dünyagörüşü, bunlar hamısı yoxlanmalıdır. Ola bilər ki, bu proses mərhələli şəkildə aparılsın. Hər halda, ilkin yoxlama sınaq xarakteri daşıdığı üçün sürətlə aparıla bilər. Güman edirəm ki, bu, müsbət nəticələr verəcək. Bu günə qədər müəllim özünü arxayın aparırdı və sinfə girib-çıxmaqla işini bitmiş hesab edirdi. Bundan sonra o hiss edəcək ki, həm cəmiyyət, həm də məktəb qarşısında məsul şəxsdir. Başa düşəcək ki, onun işi təkcə siniflə bitmir, o, ictimai fiqur kimi də tanınmalıdır, ölkənin ictimai həyatında ciddi rol oynamış şəxs olmalıdır. Bütün bunlar müəllimin özünün təhsilinə fikir verməsinə səbəb olacaq”.
Ekspert müasir müəllimlərin təhsilə olan marağından da danışıb: “Azərbaycan müəllimlərinin müasir təhsilə meyl çox azdır. Sınaq imtahanları bu məsələləri qabardacaq. Müəllim hiss edəcək ki, onun təhsili köhnədir, yalnız əzbər biliklər verir, müəllimin sinifdə özünü hərbçi kimi apardığı kimi təhsildir. Müəllim görəcək ki, müasir təhsil başqa cürdür, burda dioloji təhsil vacibdir. Şagirdlər müəyyən mənada tam kommunativ əlaqələr qurmalıdır. Müəllim, ümumiyyətlə birtərəfli lektor kimi fəaliyyət göstərməməlidir. Şagirdi istiqamətləndirməlidir, şagird özü öz təhsilini formalaşdırmalıdır. Sınaq imtahanları buna kömək edəcək. Elə müəllimlər var ki, potensialı yoxdur. O təhsil sistemini tərk etməlidir. Yaxşı potensialı olan müəllimlər də var, üzə çıxara bilmir. Belə qiymətləndirmələr prosesə lazımı istiqamət verəcək”.
Qeyd edək ki, iyun ayında Bakı şəhərinin bütün dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirməsi aparılacaq.
Namidə BİNGÖL