Modern.az

Səməd Seyidov: “Azərbaycan mədəni müxtəlifliyi özündə birləşdirən ölkədir”

Səməd Seyidov: “Azərbaycan mədəni müxtəlifliyi özündə birləşdirən ölkədir”

Təhsil

21 May 2014, 16:43

Modern.az xəbər verir ki, mayın 21-də Azərbaycan Dillər Universitetinin (ADU)  İnformasiya Resurs Kompleksinin Folklor Mərkəzinin təşkilatçılığı ilə  "21 May - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü"nə həsr olunmuş tədbir keçirildi.  Tədbirdə  ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov,  BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Bruk,  Indoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətlin səfiri  Priyanto Atiyanto, Azərbaycandakı müxtəlif Avropa və Asiya ölkələrinin səfirləri və səfirliklərin,  BMT-nin Azərbaycandakı  ofisinin,  eləcə də “British Council”ın numayəndələri və ADU-nun tələbə- müəllim heyəti  iştirak edirdi.  

İlk olaraq İRK-nin Folklor Mərkəzinin direktoru Diana  Hüseynzadə  iştirakçıları salamlayaraq  tədbirin proqramı haqqında  məlumat verdi. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Bruk çıxış edərək   bu günün tarixindən və vacibliyindən danışdi. O bildirdi ki, mədəni müxtəliflik əməkdaşlığı daha da gücləndirir və mövcud olan stereotiplərin aradan qaldırılmasında kömək edir. O, BMT-nin bu yöndə gördüyü işlərdən, keçirilən bir sıra tədbirlərdən söz açdı. 

ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov  isə çıxışında  ölkədəki mədəni müxtəlifliyin mövcudluğunun beynəlxalq əlaqələrin inkişafında mühüm rol oynadığını, gənclərin hər bir dövlətin mədəniyyəti ilə yaxından tanış olduğunu söylədi. Belə bir əhəmiyyətli tədbirin ADU-da ənənəvi olaraq hər il keçirildiyini deyən  rektor bu istiqamətdə universitetdə bir çox mədəniyyət mərkəzlərinin uğurlu fəaliyyətindən danışdı. Səməd Seyidov bildirdi ki, Azərbaycan mədəni müxtəlifliyi özündə birləşdirən ölkədir. ADU-nun rektoru “Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü”nün əhəmiyyətindən danışaraq əks qütblərdə yerləşən Asiya və Avropa mədəniyyətinin qarşılıqlı dialoqunun vacibliyini vurğuladı.  

Sonra Azərbaycan, ABŞ, Böyük Britaniya, Çin, Yaponiya, İndoneziya, Hindistan, Norveç, Avstriya, İsrail, Fransa və Ukraynanın  mədəniyyəti haqqında tədbir iştirakçılarına məlumat verildi, hər ölkənin məxsus olduğu adət-ənənələr nümayiş edildi, mahnılar ifa olundu.  

Xatırladaq ki, Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü ilk dəfə 2003-cü il, mayın 21-də qeyd olunmuşdur. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2002-ci il, dekabrın 20-də 57/249 saylı qətnamə ilə 21 May tarixinin dialoq və inkişaf naminə Beynəlxalq Mədəni Müxtəliflik Günü kimi qeyd olunmasını qərara aldı və bütün üzv dövlətlərə, hökumət orqanlarına, BMT-nin sistem təşkilatlarına və buna bənzər qeyri-hökumət təşkilatlarına mədəni müxtəlifliyin müsbət rolunu, onun dəyər və əhəmiyyətini maarifləndirmə və kütləvi informasiya vasitələrindən istifadə etməklə dünya ictimaiyyətinə çatdırmağı təklif etdi.
Qeyd edək ki, YUNESKO 2001-ci ildə müxtəliflik, dialoq və inkişaf arasındakı qarşılıqlı əlaqənin yeni izahlarının irəli sürüldüyü 20 əsas müddəadan ibarət fəaliyyət planının daxil olduğu mədəni müxtəliflik haqqında Ümumi Bəyannamə qəbul edib.








Modern.az
   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı