Modern.az

İmtahandan narahat olan hansı müəllimlər Bakı Təhsil İdarəsinə narazılıq edib?

İmtahandan narahat olan hansı müəllimlər Bakı Təhsil İdarəsinə narazılıq edib?

Təhsil

21 May 2014, 17:52

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq. Yayılan məlumatlara görə, bəzi müəllimlər bu qiymətləndirilmənin aparılmasından narazıdır. Onlar bildirirlər ki, “diplomumuz var, buna nə ehtiyac?”.
Bəs Bakı şəhəri üzrə Təhsil İdarəsinə müəllimlərdən narazılıq və ya şikayət daxil olubmu?
Modern.az saytı ilə məsələ ilə bağlı idarənin mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva ilə əlaqə saxlayıb. O, müəllimlərdən konkret şikayət edənlərin olmadığını bildirib: 

“Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi ilə bağlı Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə daim görüşlər keçirilir. Görüşlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi nümayəndələri tərəfindən müəllimlərin sualları cavablandırılır, sınaq qiymətləndirilməsinin məqsədi və mahiyyəti haqqında onlara ətraflı məlumat verilir.

BŞTİ – yə sınaq qiymətləndirmə ilə bağlı hər hansı şikayət daxil olmayıb. Sınaq qiymətləndirmə ilə bağlı müəllimlər əsasən sualların necə olacağı, qoşa fənlərdən dərs deyən müəllimlərin hansı fəndən qiymətləndirmədən keçəcəkləri, qiymətləndirmədən sonra nəticəsi yüksək olan müəllimllər üçün stimullaşdırıcı tədbirlərin nədən ibarət olacağı, qiymətləndirmədən sonra nəticəsi zəif olan müəllimlər üçün kursların necə təşkil ediləcəyi ilə maraqlanıblar”. 

A.Tahirquliyeva eyni zamanda qeyd edib ki, qiymətləndirmə sınaq xarakteri daşıyır:

“Keçirilən qiymətləndirmə sınaq xarakter daşıyır. Burada əsas məqsəd yaradıcı düşüncəni inkişaf etdirən, təhsilalanın fərdi xüsusiyyətlərini, stimullaşdırma və karyera inkişafını nəzərə alan, səriştənin artırılmasına xidmət edən modelin yaradılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir”.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı