“Yaxın Şərq regionunda türkmanlara qarşı aparılan siyasətin əsas məqsədi türkman soyunun məhv edilməsinə nail olmaqdır. Çünki türkmanlar ABŞ başda olmaqla, Qərb siyasi dairələrinin bölgədə reallaşdırmaq istədikləri “Böyük Orta Doğu” planında başçlıca əngəldir”.
Bunu Modern.az saytına Ankarada yaşayan Suriya türkmanı, hüquqşünas Əli Öztürkmən deyib. O, Suriya və İraqdakı türkmanlara qarşı aparılan etnik diskriminasiyanı şərh edərkən bildirib ki, əslində əsas hədəf Türkiyə dövlətinə təzyiq elementlərini işə salmaqdır.
Ə. Öztürkmən düşünür ki, Qərb dairələri və ona havadar olan qüvvələr türkman kartı ilə Türkiyəni böyük oyunlara cəlb etmək və zəiflətmək istəyir. Onun sözlərinə görə türkmalradan sonra Türkiyədə yaşayan türkləri mərhələ-mərhələ məhv etmək planları mövcuddur. Suriya türkmanı Türkiyə hakimiyyətinin türkmanlara laqeydliyinə də toxunub: “Rəcəb Tayyib Ərdoğan hakimiyyəti Türkiyə dövlətini regiondakı türklərdən uzaqlaşdırmaq istəyir. Belə bir situasiyada bölgədə kürdləşdirmə, ərəbləşdirmə siyasətinin miqyasının genişlənməsi üçün də zəmin yaranır. Türkmanlara qarşı etnik təmizləmə hesabına bölgədə kürdləşdirmə, ərəbləşdirmə siyasəti davam edəcək. Artıq türkmanlar hər şeylərini itiriblər”.
Suriya türkmanı qeyd edib ki, Qərb türkmanları məhv etmək üçün tabeliyində olan radikal islamçı qruplardan istifadə edir. Ə. Öztürkmən Azərbaycan xalqına türkmanların taleyinə biganə qalmamağa çağırıb və müraciət ünvanlayıb: “Azərbaycan xalqı bizi unutmasın Bizə köməyə gəlib, dəstək olsunlar. Nəsiminin məzarda sümükləri sızıldayır. Amma bizlər Azərbaycandan heç bir dəstək görmürük. Yalnız sizin kimi jurnalistlər biz türkmanların problemləri ilə maraqlanır. Buna görə sizlərə təşəkkür edirəm”.
Qeyd edək ki, Suriyada üç ildən çoxdur davam edən vətəndaş müharibəsində ən çox əziyyət çəkən tərəflərdən biri bu ölkədə yaşayana türkmanlardır. Suriya hakim rejimi və ona müxalif olan qüvvələrin məngənəsində boğulan türkman cəbhəsi xeyli itkilər verib. Suriya prezidenti Bəşər Əsədə müxalif olan radikal dindar üsyançı qruplaşmaların hədəfində türkmanlar da var. Bu azmış kimi İraqdakı türkmanlar üçün də yeni təhlükələr yaranıb. Suriyadan İraqa sıçrayan İraq Şam İslam Dövləti (İŞİD – indiki adı İslam Dövləti) adlı terrorçu təşkilat bu ölkədəki türkmanları hədəf alaraq onları qətlə yetirir. Görünən isə odur ki, Suriyadakı türkmanlarla bağlı ssenarini İraqda da davam etdirməklə bölgədə türklər əleyhinə böyük bir oyunun növbəti mərhələsinə start verilib.
Aqşin Kərimov