Teatr sənətin, mədəniyyətin ciddi və elit mahiyyətini özünə ən yaxşı əks etdirən bir sahədir. Azərbaycan maarifçilk hərəkatı da mətbuatla birlikdə teatrın bazasında formalaşıb. Bu gün adi tamaşaçı ilə bərabər medianın da teatra diqqəti o qədər də yüksək deyil. Modern.az elə bu yöndə teatr rəsmiləri arasında sorğu keçirib.
Azərbaycan Milli Dram teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov deyir ki, mətbuatla iş prinsipi ürəyincə deyil: “ Mətbuatın teatra münasibətindın tam razıyam demək, riyakarlıq olar. Mətbuatda teatr üzrə mütəxəssislər elə də çox deyil. Bu mənada mətbuatla iş prinsipi ürəyimcə deyil. Müxbirlər sahələr üzrə formalaşmırlar. Bunlara baxmayaraq, informasiyaların yerləşdirilməsi, dəqiqləşdirilməsi, teatra müraciət baxımından mətbuatla problemimiz yoxdur. Əsas problem daha ciddi mövzularla bağlıdır ki, jurnalistlər bunu işləyə bilmirlər”.Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Ağca Muxtarova isə mətbuatla mütəmadi əlaqə saxladıqlarını və bu yöndə problemin olmadığını deyib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın sözlərinə görə, teatrın mətbuat xidməti 2000-ci illərin əvvəllərindən fəaliyyət göstərir. Onun fikrincə, bu günə qədər həmişə media ilə münasibətləri yaxşı olub: “ Hər zaman kütləvi informasiya vasitələri ilə əlaqə saxlayırıq. Premyeralar ərəfəsində mətbuat konfransları təşkil olunur. Bizim tərəfdən press-relizlər hazırlanıb, mətbuata paylanır. Son illər elektron informasiya vasitələri fəaliyyətə başlayandan sonra media ilə əlaqələrimiz daha da genişlənib”.
Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyeva da həmkarlarımızla iş birliyinin normal olduğunu qeyd edir: “Son illərdə heç bir problemlə üzləşməmişik. Ötən mövsümdə bir necə sorğu keçirilmişdi. Deyilənə görə, ən operativ teatr bizimkidir, materiallarin ötürülməsi, ümumiyyətlə, buna bənzər işlərdə operativ olduğumuz deyilir.”
Məltəm TALIBZADƏ