Bu gün Azərbaycan Respublikası Prezidentinin Katiblik rəisi Dilarə Seyidzadənin ad günüdür. Modern.az saytının məlumatına görə, Dilarə Seyidzadə 75 illik yubileyini qeyd edir.
Dilarə Bağır qızı Seyidzadə 1939-cu il oktyabrın 25-də Bakı şəhərində anadan olub. O, Azərbaycanın tanınmış ictimai xadimi, diplomat, jurnalist, Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi Bağır Seyidzadənin qızıdır.
D.Seyidzadə Azərbaycan Dövlət Universitetini bitirib. 1961-1978-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi, 1978-1983-cü illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasnda baş müəllim, 1983-1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda baş elmi işçi, aparıcı elmi işçi işləyib.
Mərhum dövlət başçısı Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra - 1993-cü il noyabrən 9-da Dilarə Seyidzadə daha məsul vəzifəyə irəli çəkilib. Belə ki, o, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində böyük məsləhətçi vəzifəsinə təyin edilib. Dilarə xanım bu vəzifədə 1997-ci ilin sentyabrınadək çalışıb. Həmin il sentyabrın 1-də o, Azərbaycan Respublikası Prezidentinin köməkçisi vəzifəsinə təyinat alıb. D.Seyidzadə 25.04.1998-ci il tarixinədək bu vəzifəni tutub. 25.04.1998 - 16.11.1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Katibliyində rəis müavini – prezidentin köməkçisi işləyib.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1999-cu il tarixli sərəncamı ilə Dilarə Seyidzadə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsinə təyin edilib. Hazırda da bu vəzifədə çalışır.
Dilarə Seyidzadə dövlət qulluğunda xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2009-cu il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. O, 1-ci dərəcəli dövlət müşaviri, tarix elmləri doktorudur.
A.Qorxmaz