Polisin dünən saxladığı “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” teleproqramının əməkdaşı, AXCP üzvü Xalid Qarayev bu gün Binəqədi rayon məhkəməsinə çıxarılıb. Xalid Qarayev küçədə gedərkən ünvansız söyüş söyməkdə ittiham olunub.
Modern.az saytı "Azadlıq" qəzetinə istinadən xəbər verir ki, məhkəmədə Adil Əliyev və Elnur Qasımov adlı şəxslər hal şahidliyi edərək Xalidin söyüş söydüyünü deyiblər. Elnur Qasımov birinci dəfədir hal şahidliyi etdiyi və cəmi bir dəfə 45 sutkalıq inzibatı cəza çəkdiyini etiraf edib. Lakin vəkillər onun narkotik işi ilə bağlı hal şahidliyi etdiyini deyiblər. X.Qarayevin vəkili Bəhruz Bayramov hadisə yerində kameralara baxış və Xalidin ruhi sağlamlıq vəziyyətinin yoxlanılması ilə bağlı iki vəsatət qaldırıb. Lakin məhkəmə vəsatətləri təmin etməyib.
Məhkəmə Xalid Qarayevin sağlamlıq durumunun normal olduğunu və kameralara baxışa ehtiyac olmadığını deyib. Öz növbəsində Xalid Qarayev həbsinin siyasi və jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Xalid Qarayev və vəkili çıxış edəndən sonra hakim müşavirəyə gedib. Müşavirədən qayıdan hakim Xalid Qarayevə 25 sutka həbs cəzası kəsib.
Modern.az