Bələdiyyələr – bütün ölkəni bürüyən yerli idarəetmə orqanlarının şəbəkəsidir. məntiqlə, ölkənin bütün siyasi qurumları bu orqana keçirilən seçkidə aktiv iştirak etməli, hər kəs bu təşkilatın içində olmağa maraq göstərməlidir.
Lakin təəssüf ki, parlament seçkilərindən fərqli olaraq, bələdiyyə seçkilərində namizədlər arasında çox az sayda qadınlara rast gəlmək olur. Onların da əksəriyyəti YAP-ın xətti ilə seçkiyə gedənlərdir. YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyir ki, ötən il olduğu kimi, bu dəfə də hakim partiyanın qadın üzvlərinin bələdiyyə seçkilərində təmsilçiliyinə üstünlük veriləcək. "Hazırkı bələdiyyə üzvlərinin təxminən 30 faizi qadınlardır. Biz istəyirik ki, bu göstərici artsın, qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi daha da yüksəlsin. Qadınların fəallığını artırmaq üçün seçki ərəfəsində zonalar üzrə görüşlər keçiriləcək".YAP-çı millət vəkili Məlahət İbrahimqızı hesab edir ki, bələdiyyədəki qadınların passivliyi onların sayının azlığı ilə əlaqədar deyil. Əslində, qadınların sayı kifayət qədərdir və bu resursla çox işlər görmək mümkündür. Sadəcə Azərbaycanda ümumilikdə bələdiyyələrin öz fəaliyyəti qənaətbəxş deyil. Bizdə bu institutun dünyadakı mövcud bələdiyyə institutuna çatmasına hələ çox var. Bələdiyyə hələ yeni qurulan təsisatdır. Və o qədər də böyük təcrübəsi yoxdur”.
Lakin deputat onu da etiraf edir ki, bələdiyyədə sədr və müavin səviyyəsində qadınların sayı daha azdır: “Deyirik ki, bələdiyyənin 27 faizi qadınlardır. Amma onların sayı yerli özünüidarə sistemində qərar qəbul edəcək səviyyədə deyil, bunun üçün bələdiyyə sədri və ya müavin olmalısan. Ölkəmizdə isə 27 faizə qədər bələdiyyə üzvlərinin isə çox az hissəsi sədrdir. Yəni, sayca çox olsalar da, təmsilçilik statusu və qərar qəbul etmə baxımından azdır”.
Məlahət İbrahimqızı hesab edir ki, bu məsələlər tədricən həllini tapacaq və növbəti illərdə qadınlar bələdiyyədəki yerlərini daha da möhkəmləndirəcəklər: “Bunun üçün hardasa qadın həmrəyliyi də olmalıdır, onlar özlərinin lobbiçiliyini aparmalıdırlar. Bilirəm ki, bu işlərin öhdəsindən gələ biləcək layiqli qadınlar çoxdur. Məsələn, mən Şəmkirdən parlamentə üzv seçilmişəm. Orada bələdiyyədə çox qabiliyyətli qadınlar var. Amma bu, asan deyil. Çünki cəmiyyətdə “Siyasət qadınlar üçün deyil” stereotipi mövcuddur. Buna mane olan səbəblərdən biri də ana olan qadınların ailə öhdəlikləridir. Əksər hallarda onların ailələri uzunmüddətli iş saatlarını və ezamiyyələri təqdir etmirlər. Ona görə də bir çox qadınlar siyasətdə karyeraya başlamazdan öncə uşaqlarının böyüməsini gözləyirlər”.
Digər YAP funksioneri, millət vəkili Tahir Rzayev də həmkarının fikirləri ilə razılaşır. Onun fikrincə, Yeni Azərbaycan Partiyasının seçki platformasında bələdiyyə orqanlarına seçkilərdə gənclərin və qadınların namizədliklərinin irəli sürülməsi və müdafiəsi istiqamətində təklifləri təqdirəlayiqdir: “Çünki bu gün bələdiyyə orqanlarına seçilənlər arasında gənclərin və qadınların sayı çox azdır. Əhali ilə daimi ünsiyyətdə, gündəlik qayğıların mərkəzində olan bələdiyyə idarəetmə sistemində gənclərə meydan verilməsi onların formalaşması, ictimaiyyət arasında tanınmaları, təcrübə toplamaları, insani münasibətləri dərk edib qiymətləndirmələri üçün əhəmiyyətlidir”.
Bələdiyyədə qadınların sayını artırmaq, ümumiyyətlə seçici aktivliyini yüksəltmək məqsədilə Azərbaycanda bir sıra layihələr icra olunur. Bunlardan biri də “İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə seçkilərində əhalinin maarifləndirilməsi” adlı layihədir. Layihənin əsas məqsədi qarşıda gələn bələdiyyə seçkilərində elektoral fəallığı yüksəltmək, seçkili orqanlara namizədlərin siyasi və sosial-iqtisadi proseslərə təsirini gücləndirməkdir. Layihənin əsas vəzifələrindən biri fəal insanların bələdiyyə seçkilərində namizəd kimi iştirakının dəstəklənməsi və onların seçki hüququ sahəsində maarifləndirilməsidir. Bu məqsədlə Yardımlı, Tovuz və Gədəbəydə ictimai fəal gənclər, yerli əhali üçün forumlar keçirilib. Bu forumlarda bələdiyyə seçkilərində öz namizədliklərini irəli sürmək istəyənlərə məsləhətlər verilib.
Sonradan bu şəxslər üçün seçki maariflənməsi ilə bağlı silsilə təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Təlimlərin məqsədi iştirakçılara seçki hüquqları sahəsində mili və beynəlxalq qanunvericilik, yerli özünüidarə orqanlarına seçkilər zamanı namizədliyin qeydə alınması qaydaları, seçkiqabağı təbliğat kampaniyasının təşkili, seçki platformanın hazırlanması qaydaları ilə tanış etməkdir.
İştirakçılar həmçinin natiqlik, ictimaiyyət qarşısında çıxış etmək vərdişləri, seçicilərlə özünü aparmaq qaydaları, qadın hüquqları sahəsində mövcud mili və beynəlxalq sənədlərdən və statistikadan istifadə edərək öz çıxışlarını hazırlamaq qaydaları, pozitiv siyasətçi imicinin yaradılması sahəsində də biliklər əldə ediblər.
Əziz Manaflı
p.s. Yazı “İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə icra etdiyi “Bələdiyyə seçkiləri ilə bağlı bölgələrdə əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.