Qətər ölkəmizdə milli bayramını qeyd edib. Qətərin ölkəmizdəki səfirliyin müvəqqəti işlər vəkili Əbdüləziz Əbdülrəhman Əl-Şəhab qonaqları salamlayaraq, Qətərin keçdiyi inkişaf yolundan danışıb. Ölkəsinin hazırda siyasi, iqtisadi, mədəni sahələrdə mühüm dəyişikliklər dövrünü yaşadığını vurğulayıb.
Müvəqqəti işlər vəkili ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini söyləyərək deyib ki, prezident İlham Əliyevin və Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin dostluq münasibətləri Qətərlə Azərbaycan arasında əlaqələrin daha da inkişafına şərait yaradıb.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bayram münasibətilə Qətər xalqını ölkə rəhbərinin adından təbrik edib. Nazir vurğulayıb ki, prezident İlham Əliyevin Qətərə, Əmir şeyx Həməd bin Xəlifə Al Taninin isə Azərbaycana səfəri ölkələrimiz arasında dostluq münasibətlərinin daha sürətlə inkişafına səbəb olub. Nazir əlavə edib ki, dövlətlər arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək.
Tədbirdə hökumət rəsmiləri, diplomatik korpusların nümayəndələri, jurnalistlər iştirak edib.

Modern.az