Ötən gün Rusiya prezidenti Vladimir Putinin yerli və xarici jurnalistlər qarşısında illik mətbuat konfransında səsləndirdiyi fikirlər Qərb mediasının aparıcı müzakirə mövzularından birinə çevrilib.
Modern.az saytının məlumatına görə ABŞ-da nəşr olunan “The Wall Street Journal” Rusiya liderinin mətbuat konfransında rəsmi Moskvanın siyasəti ilə bağlı açıqlamaları barədə analitik məqalə ilə çıxış edib.
“Putin Qərblə danışıqda sərt tona keçir” başlıqlı yazıda bildirilir ki, rus rublunun qiymətinin kəskin ucuzlaşması fonunda Kreml başçısının dedikləri Rusiyanın Qərblə münasibətlərini uzun müddət dondura bilər. “Putinin Ukrayna siyasətini yumşaltması ilə bağlı təəssürat yaranıb. Amma o, Qərblə əlaqələri dondura bilər”,deyə yazıda bildirilib.
Vladimir Putinin reytinqinin 70% olmasına diqqət çəkən nəşr iddia edir ki, onun belə yüksək nüfuzu kütləvi informasiya vasitələrinə sərt nəzarət etməsi üçün əlavə dəstəkdir. Nəşr hesab edir ki, Rusiya rəhbərinin Ukrayna ilə bağlı ritorikasının dəyişməz qalıb.
Qeyd edək ki, ötən gün Rusiya prezidentinin yerli və xarici jurnalistlər qarşısında böyük bir mətbuat konfransı olub. Sualları cavablandıran Kreml başçısı bildirib ki, Rusiyanın iqtisadi böhrandan çıxması üçün 2 il vaxt lazımdır. Bununla yanaşı, o, yenidən Ukrayna hakimiyyətini ittiham edən açıqlamalar da verib.
Aqşin Kərimov