Modern.az

Partiyaların bəzi üzvləri bələdiyyələrə namizədlikdən imtina edib

Partiyaların bəzi üzvləri bələdiyyələrə namizədlikdən imtina edib

Təhsil

22 Dekabr 2014, 14:04

Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınanların təşviqat kampaniyası üçün ayrılan vaxt başa çatıb. Noyabrın 30-da başlayan təşviqat kampaniyası 22 gün davam edib və ayrılan vaxt bu gün səhər 08:00-da başa çatıb.

Namizədlərin bəziləri obyektiv və subyektiv səbəblərdən təbliğat kampaniyası zamanı geri çəkilərək, seçkilərdə iştirak etməkdən imtina edirlər.

Bəs siyasi partiyaların üzvləri arasında necə, bələdiyyə üzvlüyünə namizədlikdən imtina edənlər olubmu?

Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Modern.az saytına deyib ki, bələdiyyə seçkilərində iştirak edəcək 310 partiya üzvünün namizədliyi qeydə alınıb və onların heç biri bu iddiasından geri çəkilməyib. Onun sözlərinə görə, bu, Yeni Azərbaycan  Partiyası və Ana Vətən Partiyasından sonra 3-cü nəticədir.                                 

Vətəndaş Həmrəyliyi Partiyasınınsədri  Sabir Rüstəmxanlı isə partiyanın təxminən 400-dən çox namizədinin təsdiqləndiyini bildirib. 

Ana Vətən Partiyasının Mərkəzi Aparatının rəhbəri Elçin Fəzailoğlu bələdiyyə üzvlüyünə 1000-dən artıq namizəd irəli sürdüklərini deyib. Onun məlumatına görə, partiyanın 572 üzvü namizəd kimi qeydiyyatdan keçib və dekabrın 23-də seçiləcəklərinə ümid edirlər. 

Müsavat Partiyasının başqan müavini  Elman Fəttah bildirib ki,  partiyadan bələdiyyə seçkilərinə 50-dən çox namizədlik irəli sürülüb. Onlardan yalnız 12 nəfərin qeydiyyatı tam təsdiqilənib. Namizədliyindən  imtina edənlər isə olmayıb.

Azərbaycan Demokrat Partiyasının sədri  Sərdar Cəlaloğlunun sözlərinə görə,  partiyadan namizədlikləri irəli sürülənlərin əksəriyyətinin sənədləri qəbul edilməyib, onlara qarşı təzyiqlər olub. O, deyib ki, sabah keçiriləcək səsvermədə partiya üzvü kimi qeydiyyatdan keçən yalnız 2 namizəd iştirak edəcək.

Azərbaycan Milli İstiqlal Partiyasınının baş katibi Arzuxan Əlizadə 300 partiya üzvünün namizədliyinin təsdiqləndiyini bildirib. Onun sözlərinə görə, hazırda MSK-nın rəsmi səhifəsində bu barədə məlumat olmadığı üçün son nəticəni tam açıqlaya bilmirlər.  Arzuxan Əlizadə qeyd edib ki, namizədlikdən imtina edənlər də olub. Lakin bu barədə statistik məlumata malik deyillər. Baş katib ümid edir ki, MSK seçkilərdən sonra bu barədə rəsmi statistikanı açıqlayacaq.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun sözlərinə görə, hakim partiya dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə ciddi hazırlaşır.

“Biz 84 rayon və şəhər üzrə seçki qərargahı formalaşdırmışıq və burada qərargah üzvləri fəaliyyət göstərir. YAP tərəfindən ilkin olaraq 15 min nəfərdən çox şəxsin namizədliyi irəli sürülüb və onlardan 15 min nəfərə yaxını imza vərəqələri alıb. 14 861 nəfər dairə seçki komissiyalarında namizəd kimi qeydiyyata alınıb”.

Məltəm TALIBZADƏ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı