Yaşın yaxşısı pisi olmaz. Allah verən ömür payına nə qiymət?.. Amma yaşanmış illərin yaxşısı, pisi, dəyərlisi, dəyərsizi olur. Ömrünə dəyər verib şərəflə yaşayanlardan Tanrı öz mərhəmətini əsirgəməz. Bu baxımdan bu gün 55 yaşı tamam olan əməkdar jurnalist Hikmət Xudiyevin də həyatından Allah sevgisi əskik olmayıb.
Əslində insanın doğum günü təkcə onun yaşının riyazi hesablanması deyil, həm də arxada qoyduğu illərə bir baxış, onlara qiymət verib nəticə çıxarmaq üçün növbəti bir şansdır.
Hikmət Xudiyevin arxada qoyduğu illərə nəzər yetirsək, bu yolların hər qarışında Qarabağın qoxusunu hiss edərik.
80-ci illərin sonlarından onun Xankəndi şəhərində, o dövrdə Stepanakert şəhər milis şöbəsinin yüksəkçinli erməni zabitləri ilə mübarizəsinin şahidi olarıq.
90-cı illərdə Hikmət müəllimi kapitan rütbəsində Qarabağ müharibəsində döyüşçü kimi görərik.
Və sonra ağrılı-acılı köçkün həyatı, əyalət insanı üçün böyük, kimsəsiz, mürəkkəb görünən Bakı mühiti, bu şəhərdə zaman-zaman qazanılan uğurlar, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmək, cəmiyyət üçün dəyərli vətəndaş olmaq Hikmət müəllimin ömür yollarının daşlı-kəsəkli aşırımlarıdır.
Daha sonra bu ömür yollarında onu 15-dən artıq Qarabağ müharibəsi mövzusunda, Azərbaycanın qəhrəman oğullarına həsr olunmuş kitabların müəllifi kimi tanıyarıq.
Hikmət Xudiyevin daxili dünyasında əyilməyən, sınmayan bir abidə var. Bu abidənin adı Xankəndidir. O, hər gün bu abidənin və bu gün bizim üçün əlçatmaz olan Xankəndi şəhərindəki soyuq məzarda uyuyan atasının ruhu qarşısında baş əyir, qisas üçün tələsir. Sözsüz ki, bu qisas da yerdə qalmayacaq, sadəcə bir az vaxta ehtiyac var. Şair Sücaət demişkən:
Sücaət, neyləyək baxt belə baxtdır
Darıxma hər şeyi həll edən vaxtdır.
Dəyərli həmkarımızı doğum günü münasibətilə təbrik edirik. O ki, qaldı yaşanmış illərin qiymətinə arxada qalmış bu 55 ilə yaşın kimi iki dəfə 5 düşür. Beşlərin mübarək Hikmət müəllim...
Modern.az