Modern.az

MİQ-də 90 bal topladılar - Hər ikisinin hədəfi Bakı məktəbləridir

MİQ-də 90 bal topladılar - Hər ikisinin hədəfi Bakı məktəbləridir

Təhsil

Bu gün, 16:23

"Təkcə mövzuları oxumaq kifayət deyil, yüksək nəticə üçün testlərlə davamlı işləmək vacibdir".

Modern.az xəbər verir ki, bu sözləri MİQ imtahanında ingilis dili (rus sektoru) üzrə 90 bal toplayan namizəd Könül Bəşirli AzEdu.az-a açıqlamasında bildirib.

"İngilis dili (rus sektoru) üzrə MİQ imtahanında 90 bal topladım. Bu, imtahanda ilk iştirakım deyil. Əvvəlki illərdə də iştirak etmişəm və 80-dən yuxarı bal toplamışdım. 

Bu dəfə də nəticəmdən razıyam. İmtahan sualları ümumilikdə normal səviyyədə idi. İngilis dili üzrə suallar mənə rahat gəldi, lakin kurikulum hissəsində daha düşündürücü və nisbətən çətin suallar var idi.

İmtahana əsasən özüm hazırlaşmışam. Son iki ay ərzində isə bəzi mövzular üzrə müəllimlərlə təkrar məşğələlər keçmişəm. Bakalavr təhsilimi Azərbaycan Dillər Universitetində almışam, magistratura təhsilim yoxdur.

Mənə görə, yüksək nəticə əldə etməyin əsas şərtlərindən biri sistemli hazırlıq və təcrübədir. Namizədlər yalnız mövzuları oxumaqla kifayətlənməməli, mütləq test tapşırıqları üzərində davamlı işləməlidirlər. Test praktikası həm bilikləri möhkəmləndirir, həm də imtahan zamanı vaxtın düzgün idarə olunmasına kömək edir.Gələcəkdə pedaqoji fəaliyyətimi Bakı məktəblərində davam etdirmək istəyirəm".

MİQ imtahanında ingilis dili fənni üzrə 90 bal toplayan namizəd Şəhla Tatarayeva AzEdu.az-a açıqlamasında bildirib ki, bu nəticəyə görə çox sevinir:

"Düşünürəm ki, bu, illərin zəhmətinin və davamlı əməyin bəhrəsidir. İngilis dilini uşaqlıqdan çox sevmişəm və bu gün yüksək nəticə göstərən namizədlər sırasında olmaq mənim üçün qürurvericidir. İxtisas üzrə 40 sualın hamısını düzgün cavablandırmışam.

Bu, MİQ imtahanında ilk iştirakım idi. Ümumilikdə suallar sadə, orta və çətin səviyyələrdə tərtib olunmuşdu. İxtisas sualları mənə çətin gəlmədi, lakin kurikulum sualları kifayət qədər düşündürücü idi və çox vaxt aparırdı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili almışam. Artıq 10 ildir ki, kurslarda və fərdi qaydada pedaqoji fəaliyyətlə məşğulam.

Mənə görə, yüksək nəticənin əsas sirri davamlı çalışmaq və təcrübə qazanmaqdır. 

Əlbəttə, illərin təcrübəsi mənə bu nəticəni əldə etməkdə kömək etdi. Ancaq bu, o demək deyil ki, universiteti yeni bitirən məzunlar yüksək bal toplaya bilməzlər. Onlar da hər gün öz üzərlərində işləsələr və məqsədyönlü hazırlaşsalar, uğur qazana bilərlər.

Gələcəkdə pedaqoji fəaliyyətimi Bakı məktəblərində davam etdirmək istəyirəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə