Modern.az

İsrail - Türkiyə münaqişəsi bir halda düzələcək - İqor Roytapel

İsrail - Türkiyə münaqişəsi bir halda düzələcək - İqor Roytapel

Analitika

Bu gün, 10:00

İsraildə keçirilən seçkilərdən sonra yeni hökumətin formalaşdırılması istiqamətində siyasi müzakirələr davam edir. Seçkilərin nəticələri ölkədə siyasi qüvvələr arasında mürəkkəb mənzərə yaradıb. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi partiya ən böyük siyasi qüvvə olaraq qalsa da, hökumət qurmaq üçün zəruri siyasi dəstəyin əldə edilməsi çətin görünür. Bu vəziyyətin İsrailin Türkiyə ilə münasibətlərinə də təsir göstərə biləcəyi ehtimal olunur.

Modern.az-a açıqlamasında israilli politoloq İqor Roytapel bildirib ki, seçkilərdən sonrakı mərhələ hələ hər hansı hökumətin formalaşdırılması baxımından ilkin mərhələdədir:

"Bir tərəfdən, yəhudi-sionist çoxluğun Netanyahunu dəstəklədiyi görünür və onun rəhbərlik etdiyi partiya İsraildə ən böyük siyasi qüvvə olaraq qalır. Digər tərəfdən isə mövcud şəraitdə hökumət formalaşdırmaq son dərəcə çətindir. Eyni zamanda, sol düşərgənin ərəb qüvvələrinin dəstəyi ilə hər hansı hökumət qurmağa cəhd etməsi xalqın əksəriyyətinin dəstəyi baxımından həmin hökumətin fəaliyyətini elə başlanğıcdan sual altına qoyar. Çünki sağ düşərgə əslində məğlub olmayıb, sadəcə, seçkilərdə gözlənilən qədər səs toplaya bilməyib".

     

Politoloq qeyd edib ki, İsraildə yaranmış siyasi vəziyyət Türkiyə ilə münasibətlərə də təsirsiz ötüşməyəcək:

"Bu vəziyyət ya sol düşərgənin son dərəcə zəif mövqeyi səbəbindən münasibətlərin kəskin şəkildə gərginləşməsinə gətirib çıxaracaq, ya da təmaslar İsrailin zəif mövqedən çıxış etdiyi şəraitdə qurulacaq. Bu isə özlüyündə İsrail üçün risklidir. İsrail - Türkiyə münaqişəsi yalnız ideoloji xarakter daşıyan daha dərin və fundamental razılaşmalar vasitəsilə həll oluna bilər. Hər iki tərəf digər ölkənin ideoloji suverenliyini tanımalıdır. Bunun təməlini regiondakı münaqişələrin köklərinin daha dərindən və fundamental şəkildə öyrənilməsi, eləcə də dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması prinsipi təşkil edə bilər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dünyanı dəhşətə gətirən XƏBƏRDARLIQ - İran nüvə silahıyla vurulacaq!