Əzbərçiliyə əsaslanan təhsil gənclərin özünü ifadə etmək, ünsiyyət qurmaq və dəyişən əmək bazarının tələblərinə uyğunlaşmaq imkanlarını məhdudlaşdırır.
Bunu təhsil eksperti Elçin Əfəndi Modern.az-a açıqlamasında bildirib.
Ekspert elm və təhsil nazirinin müavini Firudin Qurbanovun əzbərçilik və təkrarlama əsasında təhsil alan gənclərin müasir dövrün tələblərinə cavab verməkdə çətinlik çəkəcəyi barədə fikirlərini dəstəkləyib.
Onun sözlərinə görə, problem müxtəlif təhsil pillələrində müşahidə olunur:
“İllərdir görürük ki, ali, orta ixtisas və peşə təhsili alan gənclərin bir çoxu özünü ifadə etməkdə çətinlik çəkir. Onların dəyişən şəraitə uyğunlaşması və müasir dövrün tələblərinə cavab verməsi üçün yalnız məlumatı yadda saxlaması kifayət deyil”.
E.Əfəndi hesab edir ki, test imtahanlarına həddindən artıq yönəlmək əzbərçiliyi gücləndirən amillərdəndir. Onun fikrincə, şagirdlər əsas diqqəti cavabları yadda saxlamağa ayırdıqda fikirlərini müstəqil şəkildə izah etmək bacarıqları yetərincə inkişaf etmir.
“Bəzi tələbələr hətta auditoriyada və seminarlarda mövzunu danışmaqda çətinlik çəkirlər. Bu, onların nitq və təqdimat bacarıqlarına, gələcəkdə isə iş mühitinə uyğunlaşmasına təsir göstərir”, – ekspert qeyd edib.
O, problemin həlli üçün imtahan və qiymətləndirmə modelinə yenidən baxılmasını təklif edib:
“Qiymətləndirmədə testlərin payı azaldılmalı, danışıq, oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqlarının yoxlanılmasına üstünlük verilməlidir. Esse və şifahi cavab əsasında qiymətləndirmə gənclərin fikirlərini sərbəst ifadə etməsinə imkan yarada bilər”.
Qeyd edək ki, Firudin Qurbanov müəyyən testləri əzbərləməklə ali məktəbə qəbul olmağın və diplom əldə etməyin mümkün olduğunu bildirib. Nazir müavini əsas məsələnin gənclərin ünsiyyət, tənqidi və yaradıcı düşüncə, eləcə də dəyişən şəraitə uyğunlaşma bacarıqlarına yiyələnməsi olduğunu vurğulayıb.