Sosial şəbəkələrdə, xüsusilə TikTok-da aktiv olan müəllimlər son illər cəmiyyətdə həm maraq doğurur, həm də müzakirələrə səbəb olurlar. Müəllimlərin rəqəmsal platformalardan istifadəsi təhsilin müasir tələbləri, pedaqoji etika və müəllim nüfuzu baxımından müxtəlif yanaşmalarla qiymətləndirilir.
Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli Modern.az-a danışıb.
Ekspert bildirib ki, müəllimlərin TikTok və digər sosial şəbəkələrdən fəal istifadəsi müasir təhsil mühitində ziddiyyətli tendensiyadır. Onun sözlərinə görə, bu platformaların müəllim fəaliyyətinə təsiri əsasən paylaşılan məzmunun məqsədindən və keyfiyyətindən asılıdır.
“Peşəkar və innovativ müəllimlər üçün TikTok-da qısa, maraqlı və vizual təhsil məzmunu hazırlamaq, şagirdlərin dilində danışmaq, dərsləri daha cəlbedici etmək və təcrübələrini geniş auditoriya ilə bölüşmək effektiv vasitəyə çevrilə bilər. Bu yanaşma müəllimin nüfuzunu artıra, gənclərlə sağlam ünsiyyət körpüsü yarada bilər. Lakin digər tərəfdən, yalnız baxış sayı və trendlər naminə şagirdlərin şəxsi həyatına aid görüntülərin onların və valideynlərinin icazəsi olmadan paylaşılması, pedaqoji etikaya uyğun olmayan davranışların nümayiş etdirilməsi və dərsin keyfiyyətinin arxa plana keçməsi ciddi narahatlıq doğurur”, – deyə ekspert bildirib.
Əmrah Həsənli qeyd edib ki, məktəbdə və sinif otağında şagirdlərin hüquqları, eləcə də müəllim peşəsinin nüfuzu hər şeydən üstün tutulmalıdır.
Onun fikrincə, müəllimlərin sosial şəbəkələrdən istifadəsinə dair radikal qadağalar tətbiq etməkdənsə, aydın və şəffaf tənzimləmə mexanizmləri yaratmaq daha məqsədəuyğundur.
“Tam qadağa müasir rəqəmsal dövrün reallıqlarına uyğun deyil və effektiv həll yolu sayıla bilməz”, – deyə o vurğulayıb.
Ekspert hesab edir ki, Elm və Təhsil Nazirliyi müəllimlərin rəqəmsal fəaliyyəti və sosial şəbəkə etikası ilə bağlı çərçivə sənədi və müvafiq qaydalar hazırlamalıdır. Bu qaydalarda şagirdlərin görüntülərinin icazəsiz paylaşılmasının qarşısı alınmalı, təlim prosesinin məxfiliyi qorunmalı, həmçinin müəllimin peşəkar nüfuzuna xələl gətirə biləcək davranışların sərhədləri aydın şəkildə müəyyənləşdirilməlidir.