"Məktəblərdə xoşagəlməz hadisələrin sayı getdikcə artır. Əvvəlki çıxış və müsahibələrimdə bu barədə dəfələrlə narahatlığımı bölüşmüşdüm. Daha öncə də demişdim ki, getdikcə belə hadisələr çoxalacaq. Növbəti günlərdə bu cür hadisələrlə daha tez-tez rastlaşacağıq”.
Bunu Modeern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
“Bəs problemin kökündə nə durur? Məsələnin mahiyyəti ondadır ki, həm ailələrimizdə, həm də məktəblərimizdə tərbiyə prosesi ciddi pozulub və biz hansısa problem baş verəndə vaxtımızın çoxunu günahkar axtarmağa sərf edirik. Bir tərəf digəri, digər tərəf də o biri tərəfi günahlandırır. Nə qədər ki belə davam edəcəyik, nəticə olmayacaq”, - Ceyhun Məmmədov deyib.
Millət vəkili problemlərin nə zamandan yaranmağa başladığına da aydınlıq gətirib:
“Ailələrimiz və məktəblərimiz uşaqlara yalnız “oxu!” deməyə başladığı, tərbiyə işi arxa plana keçdiyi gündən. Yeri gəlmişkən, burada bir sual yaranır. Təhsilin əsas məqsədi nədir? Prosesi diqqətlə təhlil edəndə görürük ki, bu gün ailənin də, məktəbin də əsas məqsədi yalnız bilikli insan yetişdirməkdir. Bu gün biz övlad və şagirdlərimizə “savadlı ol” deyirik, yoxsa “insan ol”? Hesab edirəm məsələnin məğzi də bundadır. Nə qədər ki övlad və şagirdlərimizə daha çox “oxu!” deyirik belə də olacaq.
Əvvəllər özümə tez-tez sual verirdim: Əsas bilikli olmaqdır, yoxsa insan? Cavab bilikli olmaq idi. İndi isə əksinə düşünürəm. Təhsilin əsas məqsədi həm də tərbiyəli insan yetişdirməkdir. Nə qədər ki tərbiyə işi arxadadır problemlər daha da artacaq”.
Bəs yaranan vəziyyətə görə məsuliyyəti kim daşıyır? Deputat suala belə cavab verib:
“Hesab edirəm həm ailələrimiz, həm də məktəblərimiz. Ancaq məktəbin məsuliyyəti indi daha böyükdür. Təəssüf ki, getdikcə övladlarına normal tərbiyə verməyən valideynlərin sayı artır və gələcəkdə daha da artacaq. Valideynlərin bir qisminin özünün tərbiyəsinin, bir qisminin vaxtının olmadığına, digər qisminin isə vaxtını başqa işlərə sərf etdiyinə görə artıq ailələrimiz tərbiyəli gənclik yetişdirə bilmir. Əlbəttə bu hamıya aid deyil. Eyni zamanda təəssüf hissi ilə onu da qeyd etmək lazımdır ki, heç də məktəblərimizin də hamısı tərbiyə işinə önəm vermir”.
Ceyhun Məmmədov sonda valideynlərə və müəllimlərə müraciət edib.
"Əziz valideynlər və müəllimlər! Yalnız bilikli deyil, həm də tərbiyəli gənclik yetişdirin. Övlad və şagirdlərimizə insan olmağı öyrədək! Yoxsa gələcəyimiz heç yaxşi görsənmir”.
Ə.Qafarlı