Rəqəmsal texnologiyalar müəllimlərə dərsləri daha interaktiv və maraqlı qurmaq, vaxta qənaət etmək və şagirdlərlə fərdi işləmək imkanı yaradır. Bu alətlərdən istifadə bacarıqlarının zəif olması isə tədris prosesində əlavə çətinliklərə səbəb olur.
Mövzu ilə bağlı Modern.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, müəllimlərin rəqəmsal bilik və bacarıqları davamlı artırılmalıdır.
“İndi rəqəmsal texnologiyalar dövrüdür. Müasir dərs prosesini bu texnologiyaların tətbiqi olmadan təsəvvür etmək çətindir. Pandemiya dövründə də müəllimlərin rəqəmsal texnologiyalardan istifadə bacarıqlarının zəif olması bir sıra çətinliklər yaratdı. Buna görə müəllimlər bu sahədə biliklərini artırmalı, müvafiq təlimlərdə iştirak etməlidirlər”, – deputat deyib.

C.Məmmədov əvvəllər fəaliyyət göstərən Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunun təcrübəsinə də diqqət çəkib:
“Həmin institut müəllimlərin bilik və bacarıqlarının artırılmasına töhfə verirdi. Hesab edirəm ki, müəllimlərin peşəkar inkişafını və təcrübələrinin artırılmasını təmin edən belə bir instituta və ya mərkəzə ehtiyac var. Bu barədə ciddi düşünməliyik”.
Təhsil eksperti Əmrah Həsənli isə bildirib ki, rəqəmsal alətlərdən, elektron lövhələrdən və onlayn platformalardan istifadə edə bilməyən müəllim şagirdlərin fənnə marağını artırmaqda çətinlik çəkir.
“Rəqəmsal bacarıqların zəifliyi dərsin əyani və interaktiv imkanlarını məhdudlaşdırır, onu ənənəvi, birtərəfli tədris mühitinə çevirir. Bu çatışmazlıq müəllimin iş yükünü azaltmasına da mane olur. Halbuki rəqəmsal jurnallar, elektron testlər və qiymətləndirmə sistemləri vaxta qənaət etməyə, yaradıcı fəaliyyətə daha çox diqqət ayırmağa imkan verir”, – ekspert qeyd edib.

Onun sözlərinə görə, şagirdlərin rəqəmsal mühitdə böyüməsi müəllimlərin də bu bacarıqlara yiyələnməsini zəruri edir. Əks halda müəllimlə şagird arasında ünsiyyət çətinlikləri yarana bilər.
Ə.Həsənli müəllimlər üçün təlimlərin mərhələli təşkilini vacib sayıb:
“Peşəkar inkişaf proqramları müəllimlərin rəqəmsal biliklərinin artırılmasına xidmət etməlidir. Təlimlər ilkin bacarıqlardan başlayaraq daha mürəkkəb rəqəmsal alətlərin tətbiqinədək mərhələli qurulmalıdır. İmtahanlar isə cəza və ya qorxu vasitəsinə çevrilməməlidir. Əksinə, müəllimin hansı istiqamətdə dəstəyə ehtiyac duyduğunu müəyyənləşdirən diaqnostik mexanizm olmalıdır ki, müəllimlər öz üzərlərində inamla işləyə bilsinlər”.