Modern.az

COP29 zamanı qlobal atəşkəs elan olunsun!

COP29 zamanı qlobal atəşkəs elan olunsun!

COP29

23 Avqust 2024, 14:53

Bu il Bakı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu sessiyasına ev sahibliyi edəcək.

 

Tədbir keçirilən zamanı dünyada hərbi əməliyyatlar dayandırıla bilər.

 

Modern.az-ın məlumatına görə, “Anadolu" agentliyinə müsahibəsində energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov bildirib ki, COP prosesində bu, yekdilliklə qəbul edilməlidir.

 

Onun sözlərinə görə, Azərbaycan bu xüsusda 14 təklif irəli sürüb:

 

"Bu təkliflərin həyata keçirilməsi üçün yekdillik tələb olunmur. Bunları bəzi ölkələr və yaxud da şirkətlərlə həyata keçirə bilərik. Azərbaycanın təklifi ilə müzakirə ediləcək məsələlər içərisində iqlim maliyyələşməsi, energetika, kənd təsərrüfatı, su qaynaqları, turizm, rəqəmsallaşma, yaşıl şəhərlər və insan resurslarına dair mövzular var. İqlim və sülh arasında qarşılıqlı əlaqə də Azərbaycanın təkliflərinə daxildir".

 

Qeyd edək ki, dünyanın əksər ölkələri Yay və Qış Olimpiya Oyunları zamanı atəşkəs barədə razılığa gəlirlər.  Bu məqamda iqlim dəyişikliyinə qarşı mübarizə ilə yanaşı, Azərbaycan COP29-da sülh sahəsində növbəti uğura imza ata bilər.

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bir müddət əvvəl bu sahədə çalışdıqlarını bildirib.

 

 “Olimpiada zamanı olduğu kimi COP29 müddətində də atəşkəs haqqında müzakirələr aparırıq. Ancaq müzakirə ilkin mərhələdədir. Bu, əlavə məsləhətləşmələr və müzakirələr tələb edəcək”, - H.Hacıyev bildirib.

 

Prezidentin köməkçisi qeyd edib ki, iqlim dəyişikliyinə qarşı mübarizə ilə yanaşı, Azərbaycan COP29-un sülh sahəsində növbəti uğur hekayəsinə və sülh konfransına çevrilməsi üçün əlavə səylər göstərir və bundan sonra da göstərəcək:

 

"Biz sülh gündəmini irəli aparmaq üçün çalışırıq. İqlim böhranı, ehtimal ki, ərzaq və su çatışmazlığını kəskinləşdirəcək, miqrasiyanı yüksəldə, dövlətlərə təzyiqi artıra və potensial olaraq sərhəd problemlərinə səbəb ola bilər.

 

Təhlükəsizliyin bir çox elementi var və iqlim təsirlərinin, ətraf mühitin dəyişməsinin və ya ekoloji problemlərin milli təhlükəsizlik və sülhlə əlaqəli olduğunu inkar etmək olmaz. İqlim dəyişikliyi milli və qlobal təhlükəsizliyin bir hissəsidir”.

 

Bununla da deyə bilərik ki, noyabrda Bakının ev sahibliyi etdiyi COP29 çərçivəsində dünyada atəşkəs elan oluna bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi