Yaxud xurafat qarşısında geriçəkilmələrin əks-effekti
...Bəzən Azərbaycan hökumətinin nə istədiyini, qəbul etdiyi qərarların, atdığı addımların təməlində hansı milli, yaxud konkret vəziyyətdən çıxış yolu kimi nəzərdə tutulmuş maraqların dayandığını anlaya bilmirəm.
Şübhəsiz ki, nəzəri baxımdan istənilən qərara, yaxud əmələ haqq qazandırmaq, pozitiv çalarlar əlavə etməklə diqqəti hansısa ilğım hədəflərə yönləndirmək olar. Amma ortalıqda proseslərin gələcək inkişafını və ardıcıllığını əsaslandıra biləcək məntiq olmayanda bütün köməkçi texnologiyalar aciz qalır.
...Düşünürəm: Görəsən "Təhsil haqqında" qanuna orta və ali təhsil məktəblərində dini baş örtüyü qadağan edilməsilə bağlı müddəa salmaq və sonra isə İranın başından böyük qələtlər qılan bəzi mollalarının haray-həşirindən, ayrı-ayrı xarici dairələrin nüfuz müvəkkillərinin sifarişli hədə-qorxularından sonra adıçəkilən müddəanı qanundan çıxarmaq kimə və nəyə lazım idi?
Bəs "Fatimeyi-Zəhra" məscidi ətrafında baş verən hadisələr hansı maraqlara xidmət edirdi? Görəsən sıravi vətəndaşın torpağa icazəsiz mismar belə vura bilmədiyi bir ölkənin paytaxtında "qanunsuz" məscid necə inşa olunur? Sonra isə məhkəmələr elə bu böyüklükdə tikintini "görməyən" icra strukturlarının iddiası əsasında məscidin sökülməsi barədə qərar verirlər? Və bütün bunların davamında, yenə də İrandan, Nard(İ)randan və idarə olunan radikallıqları müvəqqəti göy "əski"yə bürünmüş bəlli dairələrdən gələn "vaxsey, din əldən getdi" sədalarından, saçyoldu, üzcırdı və dizdöydü mərasimlərindən sonra məhkəmə qərarları bir kənara qoyulub məscid tikintisi davam etdirildi? Hətta tikintinin sona çatdırılması üçün maliyyə vəsaiti də ayrıldı...
Qənaətimə görə, bütün bu "olmaz" və "olar"ların arasında "və"dən başqa da bir bağlayıcı olmalıdır? Təəssüf ki, nə ilk, nə də son baxışda verilən qərarların və geriçəkilmələrin arasında heç bir bağlayıcı faktor nəzərə çarpmır. Nəzərə çarpan isə bu olayların ictimai rəydə Azərbaycan dövlətinin İran mollalarının və ekstrimist əhval-ruhiyyəli dini qrupların qarşısından geri çəkilməsi kimi qəbul olunmasıdır.
Nəticədə Azərbaycan dövlətçiliyinin gözdən salınmasına xidmət edən, onun müqavimətsiz və dayanıqsız olması barədə düşmənlərimizin təbliğat "dəyirman"ına əlavə stimul verəcək arqumentlər yaranır. Bu arqumentləri isə biz özümüz veririk və öz (əlimizlə) əməllərimizlə...
Ekstra fiasko
...Şou-biznes texnologiyası özünü doğrultmur, cənablar. Dövlətin və dövlətçiliyin, eləcə də ictimai təhlükəsizliyin qorunmasına xidmət edən bir çox modern texnologiyaların qeyri-peşəkar və bəsit icra edilməsi müstəqilliyimizə, konstitusion quruluşumuza, dünyəviliyimizə, milli varlığımıza düşmən kəsilən dairələrin təbliğat imkanlarını genişləndirib. İndi nəinki ölkənin Cənub rayonlarından olan insanlar, hətta paytaxt sakinləri də İranın anti-Azərbaycan missiyası ilə görəvləndirilmiş "Səhər" telekanalizasiyasına zəng açırlar. Nə işlə məşğul olur "Cənub" televiziyası və digərləri? Sevgi mesajlarını efirdən oxumaqla? Məgər bu "S(z)əhər kanalının qarşısının alınması üçün heç bir imkan yoxdu? Məgər ölkənin cənubundakı televiziyanın yayım imkanlarını genişləndirməklə çarşaba bürünmüş xalqlar həbsxanasından üzərimizə yönləndirilən təbliğat çamurunun qarşısını almaq mümkün deyil? Hanı bir il öncə yaradılan "beynəlxalq kanal"ın vəd olunan effekti? Nə zaman baxırsan Hollivudun boyat filmlərini yayımlayırlar. Elə bil Amerika, yaxud Avropa tamaşaçıları bütün günü bu filmlərə baxıb Azərbaycan barədə xəbərlərin nə zaman yayımlanacağını gözləyəcəklər... Yazıqlar Bryus Linin, Ceki Çanın, Cim Kerrinin, Maykl Duqlasın... kinoprakatdan ötən əsrin sonlarında çıxarılmış filmlərini harada görüblər ki...
İşi-gücü qurtarıb Qərb tamaşaçısının...
Hanı tele və kino industriya, tele-kino prodakşn? Hanı Qərb tamaşaçısına hesablanmış istehsal? Bu ölkədə daha nə qədər "yeni ulduz", "star", "toylar kralı" və "kraliça"sı, meyxana və mərsiyə "usta"sı, falçı, "ekstrahiss" və "ekstrazibil" istehsal olunacaq?...
İl(r)anın "S(z)əhər"i
Təbii ki, milli təəssübkeşlik hissi, vətəndaş mövqeyi olan bir kimsə "S(z)əhər" telkanalizasiyasına telefon açıb, İranın təbliğat maşınının bir atımlıq çamuruna çevrilmək istəməz. Amma belələri var, olacaq da...
Məsələn, Əli Kərimli, yaxud Leyla Yunus üçün öz ritorik aqressiyalarını püskürmək naminə hara telefon açdıqlarının bir o qədər də fərqi yoxdur. Təki Azərbaycan hökumətinin və bir çox hallarda isə Azərbaycan dövlətinin əleyhinə danışmaq üçün efir və auditoriya olsun. Bu adamlar "dəyər" və "ölçü" deyilən anlayışları çoxdan itiriblər. Əgər itirməsəydilər 35 milyon azərbaycanlının ən adi hüquq və azadlıqlarının kütləvi şəkildə pozulduğu, bütün varlığı ilə müstəqil Azərbaycan dövlətçiliyinə qənim kəsilən, Qarabağın işğalında Ermənistana hərtərəfli dəstək verən İran adlı ölkənin "S(z)əhər" kanalına telefon açıb dedi-qodu yapmazdılar...
Məqsədyönlü təbliğat və arxaik taftalogiya
Qəbul edilən qərarların ardıcıl olmaması, yaxşı hesablanmamış, yaxud ümumiyyətlə hesablanmamış addımlar son nəticədə marığda dayanan nüfuz müvəkkillərinə və onların himayəçilərinə Azərbaycan əleyhinə təbliğat aparmaq, ictimai rəyi çaşdırmaq üçün əlavə şansalar verir. İnsanların müqəddəs hissləriylə oynamağa, onları fanatizmə doğru yönləndirən, antimilli, antidövlət əhval-ruhiyyəsi üzərində kökləməyə çalışan məqsədyönlü təbliğatın qarşılığına isə qulaqları yağır edən və zahirən modern ünsürlərlə maskalanmış arxaik taftalogiya çıxarılır.
...Yapmayın! Etməyin! Bunların qarşısına əliyalın, arqumentsiz çıxmaq, geri çəkilmək olmaz. Bir çoxları bəlkə də müqəddəs dini dəyərləri öz siyasi və geosiyasi məqsədləri üçün vasitə seçənlərin nə qədər təhlükəli və buqələmun xislətli olduqlarının fərqində deyillər. Bir kəslər ki, öz şəxsi maraqlarının təminatı üçün Allah və din üzərindən ticarət yapa, onlardan nə desək gözləmək olar. Çünki bu mənəvi deqrodisiyanın ən sonuncu mərhələsidir.
Çünki bütün yaradılanlardan ucada Yaradan dayanır!
Sözardı
...Zənnimcə baş verənlərdən ciddi nəticə çıxarmağın zamanıdır. Milli maraqlarımızla bağlı bir sıra önəmli səhifələrdə buraxılan bəyaz məsafələrin çoxluğu başqalarının "qələmləri" üçün kifayət qədər geniş meydan açır.
Sahib çıxmadığımız istənilən nəsnəyə başqaları yiyələnməyə çalışacaqlar. Bu, bütün dövrlərin aksiomasıdır.