İnsan böyüyüb yaşa dolduqca geridə qoyduğu illər və həmin illərdə həyatın ona nələr öyrətdiyini daha tez-tez düşünməyə başlayır. İndi çoxlarımız keçmiş sovet dövrünü yada salarkən ilk olaraq o dövrdə Rusiyanın tabeçiliyində olan digər xalqlar kimi, bizim də hüqüqlarımızın necə pozulduğunu xatırlayır, həmin dövrdən bizə qalanlar sırasında müsbət məsələlərin olduğunu da yeri gələndə etiraf etməli oluruq.
Bu bir həqiqətdir ki, Azərbaycanda bəzi sahələrin inkişafı məhz bizim sevmədiyimiz sovet dövrünə təsadüf edir. Uzağa getmək lazım deyil. Məncə sovet dövründəki məktəblərimizlə bu günkü vəziyyəti müqayisə etsək, hamı özü üçün obyektiv nəticə çıxara bilər. Həmin dövrdən bizə miras qalan yalnız o zamankı təhsil sistemi deyil. Gənclərdə bir çox sahələrə maraq oyatmaq, hansısa peşəni obrazlı şəkildə insanların beyninə yeritmək üçün də o zamankı “təbliğat maşını” az iş görməmişdi.
Sovet dövrünün gəncləri və yeniyetmələri üçün o zamanlar yaradılan ən gözəl obrazlardan biri isə prokurorlar idi. Azərbaycan cəmiyyəti üçün bunun ən gözəl və hətta mən deyərdim ki, ideal təsvirini mərhum yazıçımız Süleyman Rəhimov “Mehman” əsərində vermişdi. Baxmayaraq ki, Azərbaycanda prokurorluq orqanlarının təməli Azərbaycan Xalq Cumhuriyyəti dönəmində qoyulmuşdu. Bu da bir həqiqətdir ki, həmin sahınin ən gözəl təbliğatçısı da elə sovet idarə-üsulu idi.
Bir sözlə, Mehman o zamankı gənclər üçün ən gözəl prokuror obrazı və gələcəyin bir xəyalı idi. Orta məktəbdə oxuyan əksər qızlar özlərini gələcəyin həkimi gördükləri kimi, oğlanlar da prokuroru görürdülər. Bir zamanlar prokurorluq “ən dəbli” peşə sayıldığından məktəbi bitirən oğlanların əksəriyyəti gələcəyin “Mehman”ı olmaq üçün hüqüq fakültəsinə üz tuturdular. Doğrudur, o illərdə hüquq fakültəsinə üz tutanlar çox, daxil olanlar az olurdu. Hətta Azərbaycan müstəqillik əldə etdikdən sonra açılan özəl ali məktəblər də eyni adlı fakültə yaradaraq gəncləri bura cəlb etməyə çalışdılar. Hər hüqüq fakültəsini bitirən gənc xəyalındakı “Mehman” obrazını yarada bilməsə də, Azərbaycan prokurorluq orqanlarında yüksək savada və biliyə malik, öz işini sevən, daim qanun naminə çalışan prokurorlar hər zaman olub və bu gün də kifayət qədərdir.
20 ildir ki, bizlər başqa quruluşda və müstəqil ölkədə yaşayırıq, Azərbaycan prokurorluğu öz nüfüzunu və elitarlılığını bu gün də qoruyub saxlayır. Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin və şəxsən Baş prokuror Zakir Qaralovun nəzarəti altında prokurorluq orqanlarına işə qəbulun test üsulu ilə aparılması öz biliyinə, savadına və bacarığına güvənən onlarla Azərbaycan gəncinin işlə təmin olunmasına gətirib çıxarıb. Bu gün işə qəbul məsələsində Azərbaycan prokurorluğu hüquq - mühafizə orqanları arasında ən şəffaf və kadr heyəti gənclərdən ibarət olan bir qurumdur.
Azərbaycan prokurorluğu bu gün Azərbaycan dövlətinin əsas strukturlarından biridir. Prokurorluqda çalışan insanlar dövlət qarşısinda şərəfli missiya daşıyırlar. Qanunların aliliyinin qorunmasında onların üzərinə böyük vəzifələr düşür.
1 oktyabr onların – Azərbaycan prokurorlarının bayramıdır. Azərbaycan prokurorluğunun 93 yaşı tamam olur. Bayramınız mübarək, cənab prokurorlar!