Modern.az

Bələdiyyələr üçün indikatorlar yaradılıb (Araşdırma)

Bələdiyyələr üçün indikatorlar yaradılıb (Araşdırma)

Ülke

30 Noyabr 2011, 15:18

BU SİSTEM HƏM BƏLƏDİYYƏLƏRƏ, HƏM DƏ CƏMİYYƏTƏ YARARLI OLACAQ

Hansısa qurumun inkişaf edib-etmədiyini nədən bilmək olar?  Yəqin ağıla ilk olaraq pul gəlir. Bir çoxlarında belə təsəvvür yaranıb ki, əgər büdcədən hansısa quruma ayrılan vəsait ildən-ilə çoxalırsa, deməli həmin təşkilat mütləq inkişaf edəcək.

Bəs, əgər bu qurumun dövlətə aidiyyəti yoxdursa? Məsələn, yerli özünüidarə  orqanları, qısaca desək bələdiyyələr. Yarandığı 11  il ərzində bələdiyyələrin necə inkişaf etdiyini göstərən ətraflı hesabat olmayıb. Dövlət tərəfindən yalnız onların fəaliyyətinə nəzarət olub. Yəni, bələdiyyələrin qanunauyğun fəaliyyət göstərib-göstərmədiyi yoxlanılıb. Ara-sıra hansısa QHT-lər monitorinq keçirərək ayrı-ayrı bələdiyyələrin işini qiymətləndiriblər.

MƏHƏLLƏ KOMİTƏLƏRİ VASİTƏSİLƏ HESABATLAR YAYILIR

Hələlik bu təşkilatların uğurlu işini ölçmək üçün konkret bir sistem yoxdur. Mövcud qaydalara görə, bələdiyyələr özləri öz işləri haqqında məlumat yayırlar və əhali də bu xəbərlərlə kifayətlənməli olur. Bunu Buzovna bələdiyyəsinin üzvü Əfrasiyab Əmirov deyir. Onun sözlərinə görə, onlar görülən işlər haqqında illik hesabat hazırlayırlar. Müəyyən görüşlər təşkil olunur, məhəllə komitələri, fəalların köməyilə görülən işlər barədə məlumatlar əhaliyə çatdırılır.

Ə.Əmirov hesab edir ki, bu işi daha effektiv qurmaq olar: “Həftəlik, ya aylıq mətbuat orqanı, hətta lokal radio qovşağı yaradıb görülən işlər haqqında məlumat yaymaq mümkün olar. Hələlik isə yalnız vərəqələr hazırlayıb məhəllə komitələri vasitəsilə yayırıq”. Bələdiyyələrin öz işlərini necə qiymətləndirməsinə gəlincə, Ə.Əmirov deyir ki, vəziyyətin ideal olmadığını onların özləri də bilirlər: “Müəyyən obyektiv və subyektiv səbəblər üzündən qarşımızda duran  vəzifələrin öhdəsindən tamamilə gəlmək mümkün deyil. Əslində, bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həlli üçün formalaşıb. Amma bu işlərin hamısını bələdiyyələr əhatə edə bilmir. Məişət tullantılarının yığılmasından tutmuş, su təminatına qədər işlərlə bağlı müəyyən dövlət qurumları fəaliyyət göstərir və səlahiyyətlər də onların əlindədir”.

İNKİŞAF SİSTEMİ LAZIMDIR? ARTIQ VAR!

Əfrasiyab Əmirov hesab edir ki, bələdiyyələrin fəaliyyətini, inkişafını nümayiş etdirməyə imkan verən bir sistemə ehtiyac var: “Bəzən müəyyən sistemlər yaradılır. Amma onlar çox qəliz olur, sırf nəzəriyyədən ibarət olur, praktikada işlədilməsi çətin olur. Əgər rahat, sadə dilli, bələdiyyələrin hər növünü  əhatə etməyə imkan verən sistem yaradılsaydı, yaxşı olardı”.

Sən demə, artıq belə bir sistem mövcuddur. Avrasiya Əməkdaşlıq Fondunun təşəbbüsü ilə ötən il “Bələdiyyələrin inkişafı indikatoru” adlı bir sistem yaradılıb. Bu sistem bələdiyyələrin fəaliyyətini bir çox maddələr üzrə qiymətləndirməyə imkan verir.

Yaradılan bu sistemə 46 indikator daxil edilib. Burada bələdiyyə iclaslarının dövriliyindən tutmuş bələdiyyə haqqında məlumatların yayılmasına qədər xırdalıqlar nəzərə alınıb. Məsələn, əgər bələdiyyənin ofisində internetə çıxış varsa, ən azından əhali bələdiyyə üzvləri ilə elektron poçt vasitəsilə operativ əlaqə saxlaya bilirsə, bu, artıq bir indikator üzrə müsbət xal hesab olunur. Yaxud, bələdiyyələr öz işlərində mühasibat proqramlarından istifadə edərlərsə, büdcə proqramlarını tətbiq edərsə, karğüzarlıq işlərini avtomatik qaydaya keçirərlərsə, bu da plyus kimi qəbul edilir.

İNDİKATORLARDA MÜXTƏLİF BLOKLAR YER ALIB

İndikatorların bir qismi bələdiyyələrdə qadınların iştirakına aiddir. Məsələn, burada bələdiyyə üzvləri arasında, bələdiyyə komissiyaları, komissiya rəhbərləri,  bələdiyyə qulluğunda olan qadınların sayı da rol oynayır. Bu zaman göstərilən bölmələrdə qadınların sayının ümumi saya faiz nisbəti ölçülür. Hətta il ərzində qadınların iştirakı ilə keçirilən tədbirlərin sayı, qadınların müraciətlərinə həssaslıq səviyyəsi də indikator kimi qəbul edilib. 

Ümumilikdə indikatorlar müxtəlif bloklara ayrılıb. Bura ekoloji, sosial, təşkilati-instutisional və iqtisadi bloklar daxildir. İndikatorlardan biri də - bələdiyyənin inkişaf proqramının olub-olmamasıdır. İnkişaf indikatorları bələdiyyələrin ictimai baxımdan nə dərəcədə fəal olduğunu da göstərəcək. Çünki bura bələdiyyələrin QHT-lər və KİV-lərlə münasibətlərinin intensivliyi də ölçü vahidi kimi əlavə edilib.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev deyir ki, yaradılan indikatorlar sistemi yalnız bələdiyyələr üçün yox, əhali üçün də yararlıdır. Çünki indikatorların köməyilə ərazidə yaşayan əhali bələdiyyələrin fəaliyyətini izləmək, onların qərar qəbul etməsində iştirak etmək imkanı qazanır: “Bu, həm də bələdiyyə seçkilərində namizədlərin səsverməsində oriyentir ola bilər”.

Ekspert bildirir ki, belə indikatorlar həmçinin bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin təşkilinə də imkan verəcək. Çünki vətəndaş cəmiyyəti, media bələdiyyələrin gəlirlərinin haradan formalaşması, vəsaitlərin necə xərclənməsi, səmərəliliyin nə dərəcədə olması, xərcləmələr nəticəsində əldə olunan faydaların nədən ibarət olması haqda suallara cavab tapa biləcəklər.

KREDİT ALMAQ İSTƏYƏN BƏLƏDİYYƏYƏ FAYDA

Bu göstəricilər bələdiyyələrə hansısa bankdan kredit almaqda, əraziyə xarici investisiya cəlb etməkdə yardımçı olacaq. Çünki ərazidə müəyyən layihələr həyata keçirilən zamanı bələdiyyələrin bu işə nə dərəcədə töhfə verəcəyi indikatorlar vasitəsilə ölçülə bilər. Yeni sistem bələdiyyə sahəsində olan problemlərin aşkarlanması və həll olunması üçün donorların cəlb edilməsinə fayda verə bilər. Bu indikatorlar bələdiyyə fəaliyyətinin təşkili, perspektiv planlaşdırılmasına da xeyirdir.

DOTASİYALARIN AYRILMASINDA MALİYYƏ NAZİRLİYİNƏ KÖMƏKÇİ

Azər Mehtiyevin sözlərinə görə, “Bələdiyyələrin inkişaf indikatorları” yalnız  bələdiyyələr üçün deyil. Bu sistem həm də bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi baxımından dövlət qurumları üçün də əhəmiyyətlidir. Məsələn, yeni qanunvericiliyə görə, bələdiyyələr Milli Məclisə hesabat verəcəklər. İndikatorlar bu hesabatın hazırlanmasında baza rolunu oynaya bilər:

 “Həmçinin, Maliyyə Nazirliyinin bələdiyyələrə ayırdığı dotasiyaların bölüşdürülməsində də indikatorlardan istifadə oluna bilər. İndiki prinsiplərə görə, dotasiyanın məbləği yalnız əhalinin sayına görə müəyyənləşdirilir. Halbuki, dotasiya, gələcəkdə subsidiya və subvensiyaların verilməsi zamanı da bu göstəricilərdən istifadə etmək olar. Hər bir bələdiyyəyə mövcud potensialı, işləmə qabiliyyətinə uyğun maliyyə ayrıla bilər”.

NORMAL BƏLƏDİYYƏ STATİSTİKASI YARADILA BİLƏR

Mərkəz rəhbəri bildirir ki, hazırda Statistika Komitəsi bələdiyyələrin yalnız gəlirləri və xərcləri haqqında məlumatları yayır. Halbuki onların bütün fəaliyyət istiqamətləri üzrə məlumatlar toplanaraq normal bələdiyyə statistikası yaradıla bilər. Bir sözlə, bu sistem bələdiyyələrin həqiqətən də yerli özünüidarə institutu kimi təsdiqlənməsinə, əsl hakimiyyətə çevrilməsinə, onlara inamın artırılmasına gətirib çıxara bilər.  

ƏDLİYYƏ NAZİRLİYİ HƏLƏLİK İNDİKATORLARDAN YARARLANMIR

Məlum olduğu kimi, Ədliyyə Nazirliyi hər il bələdiyyələrin fəaliyyətinə dair məruzə təqdim edir. Lakin  bu məruzə yalnız bələdiyyələrin işinə inzibati nəzarətlə bağlıdır. Nazirliyin bələdiyyələrlə iş üzrə şöbəsindən bildirdilər ki, məruzə Avropa Xartiyasında müəyyən edilmiş kriteriyalar əsasında hazırlanır. Bu zaman bələdiyyənin fəaliyyətinə müdaxiləyə imkan verilmir.  İnzibati nəzarət bələdiyyənin işini pozan bir nəzarət olmamalıdır. Ona görə də hələlik Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı fəaliyyətində hansısa sistemdən istifadə etmir.

BƏLƏDİYYƏLƏRİN YALNIZ BÜDCƏSİNƏ AİD STATİSTİKA APARILIR

Statistika Komitəsindən də bildirdilər ki, onlar bələdiyyələrin yalnız büdcəsi ilə bağlı məlumat toplayırlar. Komitənin statistik əlaqələndirmə şöbəsindən aldığımız məlumata görə, bu zaman bələdiyyələrin maliyyə vəsaitləri, gəlirləri barədə məlumatlar toplanılır və yayılır. Həmin məlumatlar bələdiyyələrin özlərindən alınır və hazırlanır. Hələlik komitədə yalnız bu göstəricilər üzrə statistika hazırlanması nəzərdə tutulub.

Hazırda Azərbaycanda bələdiyyələrin inkişaf indikatoru yalnız QHT təşəbbüsü səviyyəsindədir. Azərbaycan üçün bu sistem yaradılarkən ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların bu sahədəki fəaliyyətləri nəzərdən keçirilib və onların faydalı təcrübəsindən istifadə olunub.

Avrasiya Əməkdaşlıq Fondu İnternet resursları vasitəsilə indikatorların geniş istifadəsini təmin etməyi planlaşdırır. Yaradılacaq ümumi portalın köməyilə hər bir bələdiyyə özü haqqında cəmiyyətə müəyyən məlumatları çatdıra biləcək.

Fərəh Sabirqızı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı