Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin səhhətində ciddi problemlər yaranıb. Bu barədə eks-nazirin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri, sabiq millət vəkili Cəmil Həsənli Modern.az-a məlumat verib.
C.Həsənli qeyd edib ki, son günlər sabiq nazir ürək çatışmamazlığından əziyyət çəkir.
“Fərhad Əliyevin səhhətində ciddi problemləri var. Artıq uzun müddətdir ki, məhbus həyatı yaşayır. Baxmayaraq ki, Avopa İnsan Haqları Məhkəməsi onun qanunsuz həbs edilməsi haqda qətnamə qəbul etdi. Bu baxımdan Fərhad Əliyev həbsdən dərhal buraxılmalı olsa da, hələki amansız həbsxana şəraitində yaşayır. Fərhad Əliyevin səhhətində son zamanlar problemlər var. Xüsusi ilə qan təzyiqi və ürək çatışmamazlığından əziyyət çəkir”,-deyə C.Həsənli vurğulayıb.
F.Əliyevin əfv olunması üçün Azərbaycan prezidentinə müraciət etməsi ilə bağlı sualımıza cavabında C.Həsənli bu məsələ ilə bağlı məlumatsız olduğunu bildirib:
“Mən çoxdandır ki, Fərhad Əliyevlə görüşmürəm, amma vəkilləri zaman-zaman onunla görüşürlər. Mən də vəkillərlə əlaqə saxlayaraq, onun haqda məlumat alıram.
Lakin F.Əliyevin əfv olunması üçün prezidentə müraciət etməsi birbaşa onun özünün səlahiyyətində olan məsələdir. Mən deyə bilmərəm o belə addım atacaq, yoxsa yox”.
Qeyd edək ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev 2005-ci il oktyabrın 19-da, parlament seçkiləri ərəfəsində ölkədə siyasi hakimiyyəti devirməyə cəhddə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.
Anar RÜSTƏMOV