2005-ci ildə tarix təkrarlanmadı. Tarix 7 il əvvəl Rəsul Quliyevə 1992-1993-cü illərdə olduğu kimi şans vermədi. 20 il sonra da buna inam olduqca azdır...
Son günlər medianı müntəzəm izləyənlər yenidən az qala hər gün Rəsul Quliyevin fotoları, müsahibələri və onun özünəxas ifadələri ilə rastlaşmalı olurlar. Eks-spikerin özü uzaq Amerikada olsa da, Azərbaycan siyasətinin ən fəal virtual personajı kimi gündəmdə qalmaqda davam edir. Onun personasına medianın marağını bir neçə səbəblə ifadə etmək olar. Birincisi, R.Quliyev 1995-ci ilə qədər Azərbaycan siyası istebleşmentinin ən üzdə olan fiqurlarından olub və hərdən jurnalistlər üçün maraqlı tapıntı olan məlumatlar verir. İkincisi, R.Quliyev məmləkətimizin koloritli siyasətçilərindən biridir (hər nə qədər virtual olsa da). Bu baxımdan hər dəfə ondan diqqət çəkəcək nəsə bir maraqlı açıqlama, yaxud müsahibə almaq mümküdür. Üçüncüsü isə hazırda müxalif düşərgədə yenicə start götürmüş 2013-cü il prezident seçkiləri ilə bağlı müzakirələrdir.
Eks-spiker bütün aktivlərini xərcləyib
R.Quliyev faktoru ölkədə siyası gedişlərin planlaşdırılmasında, strategiyanın müəyyənləşdirilməsi baxımından əvvəlki qədər aktual deyil. Həmçinin, müxalif düşərgənin 2013-cü ilə yönəlik planlaması kontekstində eks-spiker amili, onun hansı mövqeni tutması mühüm əhəmiyyət kəsb etmir. R.Quliyev bu illər ərzində onu cəzbedici edən aktivlərinin hamısını sərf edib. Xüsusən Naxçıvanı, qərbi azərbaycanlıları təmsil edən elektorat və siyasi güclərin açıq və gizli dəstəyi, bürokratik aparat təmsilçilərinin, iş dünyasının bir hissəsinin rəğbət bəslədiyi, özününkü saydığı siyasi lider imicini və ən nəhayət son anda beynəlxalq güclərin dəstək verəcəyi müxalif düşərgə və iqtidarda təmsil olunan siyasi elitanı kompromissə gətirə biləcək fiqur potensialını. 2003-cü, hətta 2005- ci ilə kimi bu faktorlar R.Quliyevə Azərbaycan siyasətində aktuallığını saxlamağa geniş imkanlar yaradırdı. 2005-ci ildən sonra ölkədə baş verənlər, R.Quliyevin özünün də buraxdığı səhvlər onun arxa plana keçirib. “Ərəb baharı”, beynəlxalq miqyasda Azərbaycana getdikcə artan maraq və mövcud status-kvonu yetərli saymayan, ölkədə dəyişiklikləri artıq zərurət hesab edənlərin fəallaşması, onların sıralarının genişlənməsi və bundan qaynaqlanan proseslər R.Quliyevi yenidən fəallaşmağa vadar edib. Obrazlı ifadə etsək, bütün iqtidar oponentləri ilə yanaşı eks-spiker də özü üçün ümid işığı görüb.
Rəsulun ənənəvi zühur modeli
Müşahidələr göstərir ki, bu dəfə də eks-spiker bir siyasətçi kimi özünəxas ənənəvi davranış modelinə sadiq alib. Əvvəlcə kitablar yazılır, sonra yerli media vasitəsilə eks-spikerin əsərləri ətrafında intensiv PR kampaniyası aparılmağa cəhd göstərilir, daha sonra təşkilatı platforma hazırlanır (ACP, Milli Müqavimət Hərəkatı), R.Quliyevin müsahibələri və açıqlamaları seriyası başlayır. Bu dəfə yeni element də əlavə olundu, sayt yaradılması.
Eks-spiker yenə özününü ənənəvi stilinə, təkkəbbürlü, eqosentrik intriqan tipinə sadiqdir. Strategiya da ənəvi gedişlər üzərinə qurulub, gündəmə gəlmək, özünün ətrafında ittifaqlar yaratmağa cəhd və müxalif düşərgənin öndəgedən fiqurları ilə polemika açaraq aktuallaşmaq. Sonda isə təbii ki, sövdələşmək mərhələsi başlayacaq. Hələlik, müxalif düşərgədə ona kimin və hansı şərtlər daxilində əl uzadacağı sövdələşməyə gedəcəyini zaman göstərəcək. Amma 2003 və 2005-ci illərdə R.Quliyevin bu strategiyası qismən özünü doğrultmuşdu və yenidən hakimiyyət oppenentləri arasında öz mövqelərə çıxmış, özü haqqında hamını ucadan danışmağa məcbur edə bilmişdi. İndiki şəraitdə isə R.Quliyevin təklif etdikləri, onunla müttəfiqlik əvvəlki qədər cəzbedici görünmür və o, istədiyi kimi hakimiyyət opponentləri onu ayaqüstə alıqışlamağa həvəs göstərmirlər.
Açıq Cəmiyyət Partiyasının yenidənqurulması və onun cəzbedici siyasi təşkilata çevrilməsi planlarının o qədər də uğurla həyata keçməməsi də R.Quliyevin mövqelərinin kifayət qədər zəiflədiyini göstərir. Eks-spikerin aqresivliyini də bununla izah etmək olar. Eks-spiker indiki situasiyada müxlif düşərgədəki kombinasiyalarda, seçkilərdə müxalifəti təmsil edəcək namizədin müəyyənləşdirilməsi proseslərində yalnız yardımçı rollarda çıxış edə bilər. Onun 2003-2005-ci illərdəki kimi öz şərtlərini diktə etmək üçün resursları yoxdur. 2003-2005-ci illərdə R.Quliyevin kifayət qədər elektoral dəstəyi, hakimiyyətdəki gizli müttəfiqləri, müyəyyən qədər xarici lobbi qruplarının yardımı, vədləri vardı. Əgər beynəlxalq səviyyədə indiki hakimiyyətin qalması ilə bağlı qərar verilməsəydi R.Quliyev istənilən halda siyasi dəyişikliklərin açar fiquru kimi çıxış edəcəkdi. Amma tarix ona 1992-1993-cü illərdə olduğu kimi yenidən siyasi olimpdə zirvəyə qalxamaq üçün iknci şansı vermədi. 2005-ci ildə tarix təkararlanmadı, 7 il sonra da buna inam olduqca azdır.
Zaman eks-spikerin əleyhinə işləyir...
Azərbaycanda fəal elektoratın böyük bir hissəsini təşkil edən gənclər üçün R.Quliyev və onun haqqında yayılan miflər o qədər də aktual deyil. Onlar R.Quliyevə maraq göstərmirlər, onu yalnız müsahibələrindən və açıqlamalarından tanıyırlar. R.Quliyevə dəstək verəcək ənənəvi elektorat isə siyası proseslərə əvvəlki qədər maraq göstərmir. Bu baxımdan zaman amili ACP liderinin əleyhinə işləyir. 2013-cü il seçkiləri R.Quliyevin siyasətdə qalması, onun siyasi karyerası üçün son şansdır desək yanılmarıq. Əgər fövqəladə hadisələr baş verməsə, inqilab ssenariləri həyata keçməsə R.Quliyev amili ümumiyyətlə gündəlikdən çıxacaq...
Zaur İbrahimli