Yaxşı məsləhətdi, hə?.. Dünya şöhrətli bu müğənnini ölkəmizdə təmtəraqla qarşılayıb onu azad qadın etalonu kimi qəbul ediriksə, niyə də heykəlini ucaltmayaq? Bu həm də bizim inkişafımızın təzahürü olar: ötən əsrdə çadrasını atan qadına Azərbaycan xanımlarının azadlıq simvolu kimi heykəl qoyduq, indi də bədənini azad şəkildə nümayiş etdirən, çılpaq qarnına”Allah” və “azadlıq” sözlərini yazdıran Rihannaya heykəl qoyaq...
Dünyada məşhurlaşdırılmış üç müğənninin; Cenifer Lopesin, Rihanna və Şakiranın son iki ayda vətənimizə qastrolları təsadüfdürmü? Qəlbində Allah, millət sevgisi olmayan pərəstişkarları üçün bu, sadəcə, “Avroviziya” eyforiyasının davamıdır; ölkənin inkişafının, müasirliyinin göstəricisidir.
Anlayanlar üçünsə bu, milli-mənəvi dəyərlərimizə, müsəlmanlığa növbəti hücum aktıdır. Bu, Azərbaycan, müsəlman gənclərinə, xüsusən qızlarımıza “azad həyat tərzinin” təlqinidir: azad qadın belə olmalıdır, heç kəsdən asıılı olmamalıdır, necə istəyir geyinməli, bədənini azad şəkildə nümayiş etdirməli, bunun hesabına pul qazanmalı, karyera qurmalı, kiminlə istəyir sevişməli, kefi istəyəndə ərə getməli, kefi çəkəndə ayrılmalı, canına yatan başqası ilə “gəzməlidir”...
Rihanna Bakiya gəldiyi ərəfədə məktəbli qızların hicab geyməsinə qarşı zorakı aksiya keçirildi. Bir tərəfdən, islami haqları tələb edən, digər tərəfdən, ucu musmarlı yaşıl dəyənəklərlə İslamı gözdən salan və polisimizin rəşadəti sayəsində zorakılıqla da yatırılan bu aksiyanın məhz həmin vaxtda keçirilməsi təsadüf idimi? Məncə, yox? Sinəsində mason rəmzi (üçbucaq içərisində göz) olan Rihannanın çılpaq bədəninə ərəbcə “Allah” və ingiliscə “azadlıq” sözlərini yazdıran da, müsəlman ölkəsində məktəbli, tələbə qızların hicab geyməsinə qadağa qoyduran da, həmin qadağaya etiraz edən gənclərə islam rəmzi olan yaşıl rəngli dəyənəklərlə polisi döydürən də eyni qüvvədir. Bu, elə həmin qüvvədir ki, torpaqlarımızı erməniyə işğal etdirir, ölkədə rüşvətxorluğu, korrupsiyanı gücləndirir, milli namusumuzu, qeyrətimizi, şərəfimizi və s. məhv etdirir...
Biz onsuz da bizi məhv etdirənlərə, başımızı kəsən, qanımızı içən qatillərimizə həmişə heykəl ucaltmışıq; Lenin, Stalin, Kirov, Şaumyan... İndi də təklif edirəm ki, “Nizami” metrostansiyasının yaxınlığındakı artıq dünya standartlarına cavab verməyən “Azad qadın” heykəlini uçurdub yerində Rihannaya heykəl qoyaq. Köhnə “Azad qadın” yalnız çadrasını atır, bu gün isə bizə bütün paltarını atan “Azad qadın” lazımdır, o da olsun Rihanna... Özü də Bakıdakı konsertində çıxış etdiyi formada: sinəsinin altında “Allah” və “azadlıq” sözləri... Düzdür, özümüzdə də nümunələr var: Aygün Kazımova, Röya, Rəqsanə... Amma əcnəbi olsa, daha qiymətli olar... Axı sözügedən üç müğənninin hərəsinə Bakıya gəlmək üçün azı 2-3 milyon maya qoymuşuq...
Hələ deyilənə görə, Rihannaya Bakıda başqa pullu təkliflər də olub. Mən onu da təklif edirəm ki, Rihannanın heykəlini elə həmin bərkgedən təklifləri verənlər yapdırsın.