Bu gün Beynəlxalq Mətbuat Mərkəzində 18 oktyabr Milli Müstəqillik günü ilə əlaqədar istiqlalçı deputatların yığıncağı olub. Modern.az xəbər verir ki, tədbir zamanı Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbaba Əzimov çıxış edib.
“Azərbaycan xalqı ağır və şərəfli yol keçib. 18 oktyabr bayram günündə ancaq xoş sözlər demək olar. Amma biz məcburuq ki, bəzi neqativ halları da yada salaq. Son vaxtlar gözdən salınan bəzi məsələlər var. 2006-cı ildə Hadı Rəcəbli təklif elədi ki, 18 oktyabr Müstəqillik günü kimi qeyd olunmasın. Amma bəzi deputatlar Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Pənah Hüseyn və digər bir neçə deputat buna etiraz etdi. Təəssüf ki, Milli Məclisdə məddahlıq edənlərin əksəriyyəti antimilli qərara tərəfdar çıxdılar. Hər bir ölkənin əsas bayramı müstəqillik günüdür. Amma onlar 18 oktyabr bayram gününü adi günə çevirdilər. Buna etiraz olaraq, hər il prezident İlham Əliyevə məktub yazıram. Amma bu məsələ öz həllini tapmır. Biz Azərbaycan xalqının haqqını geri qaytaracağıq”, – deyə H. Əzimov qeyd edib.