Modern.az

“Yersiz gəldi, yerli qaç?”

“Yersiz gəldi, yerli qaç?”

Country

23 Oktyabr 2012, 11:34

Oktyabrın 23-də rəsmi dövlət qəzeti “Azərbaycan” mərhum şair Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin zəbt olunması məsələsi ilə bağlı daha bir yazı dərc edib. “Yersiz gəldi, yerli qaç?” başlıqlı yazıda vurğulanıb ki, Ağa Laçınlının ailəsi dövlətin onlara verdiyi torpaq sahəsinə hələ ki, tam sahib dura bilmir.

Yazıda qeyd olunur ki, son vaxtlar ölkə ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin diqqətində olan məsələlərdən biri də mərhum alim və şair Ağa Laçınlıya 1995-ci ilin yanvarında Badamdar qəsəbəsində dövlət tərəfindən verilmiş torpaq sahəsinin bir hissəsinin başqası - həmin dövr Səbail Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Rüstəm Məmmədovun anası Biliy Məmmədova tərəfindən zəbt edilməsi ilə bağlı yaranan mübahisədir.

Məqalədə xatırladılır ki, bu mübahisədən doğan problemi ilk dəfə “Azərbaycan” qəzeti ictimailəşdirib. Mərhum Ağa Laçınlının həyat yoldaşı Mələk Əliyevanın “Azərbaycan”ın redaksiyasına ünvanladığı məktub əsasında hazırlanan “Şairə verilmiş torpaq sahəsini saxta yolla ələ keçirmək istəyirlər” adlı məqalə rəsmi dövlət qəzetinin 2012-ci il 5 sentyabr tarixli nömrəsində dərc olunub. Bundan sonra məsələyə istər KİV, istərsə də tanınmış ədəbiyyat və ictimai xadimlər səviyyəsində reaksiyalar verilib, mərhum şairin ailəsinin üzləşdiyi haqsızlığın səbəbkarları qınanılıb.

 “Şairə verilmiş torpaq sahəsini saxta yolla ələ keçirmək istəyirlər” məqaləsinə rəsmi icra orqanları da cavab veriblər. “Azərbaycan”ın 23 oktyabr sayında verilən məlumata görə, Badamdar qəsəbəsinin inzibati cəhətdən yerləşdiyi Səbail Rayon İcra Hakimiyyətindən icra başçısının müavini Hafiz Aberkarovun imzası ilə qəzetə göndərilən məktubda mübahisəni doğuran səbəblər sadalanaraq sonda yazılıb: “Mülkiyyət məsələləri ilə bağlı vətəndaşlar arasında yaranmış mübahisəli məsələlərin həlli üçün müvafiq məhkəmə araşdırması tələb olunduğundan ərizəçiyə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. Hazırda məsələ ilə bağlı iş Səbail Rayon Məhkəməsinin icraatındadır və məhkəmənin çıxaracağı qərara əsasən müvafiq tədbir görüləcəkdir”.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov da “Azərbaycan” qəzetinə məktub göndərib. Rafiq Cəlilovun imzaladığı məktubda yenə də məlum faktlar göstərildikdən sonra bildirilib: “Məqalədə göstərilən digər torpaq sahəsi ilə bağlı Bakı Şəhər Ərazi İdarəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin idarəsi nəzərdə tutulur - red.) arxiv məlumatlarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, həmin torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyəti başçısının 15 mart 1995-ci il (yəni mərhum Ağa Laçınlıya verilmiş sərəncamdan təxminən 3 ay sonra - red.) tarixli 885 saylı sərəncamı əsasında Məmmədova Biliy Nəbi qızına ayrılmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Sözügedən torpaq sahəsinin Məmmədova Biliy Nəbi qızının adına dövlət qeydiyyatına alınması zamanı Əliyeva Mələk Musa qızının adına 2008-ci ildə torpaq sahəsinin planı və ölçüsünün düzgün tərtib edilmədiyi və faktiki vəziyyətə uyğun olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar Əliyeva Mələk Musa qızının nümayəndəsi Bakı Şəhər Ərazi İdarəsinə dəvət olunaraq düzəliş edilməsi üçün torpaq sahəsinin planı və ölçüsünün əslinin təqdim olunmasının zəruriliyi ona bildirilmiş, lakin hüquq sahibinin nümayəndəsi bundan imtina etmişdir”.

 “Yersiz gəldi, yerli qaç”?” yazısında bildirilir: “Birinci cavabla işimiz yoxdur. Bütün mülki mübahisələr məhkəmədə həll edildiyi üçün Səbail RİH-in mövqeyi qəbulolunandır. Amma bu haqsızlığı faktiki olaraq rəsmiləşdirən Dövlət Əmlak Komitəsinin məsələyə münasibəti isə, yumşaq desək, anlaşılmazdır. Belə çıxır ki, komitənin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinin 2008-ci il oktyabrın 10-da mərhum şairin ailə üzvlərinin adına verdiyi mülkiyyət kağızı (hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən çıxarış) səhv, təxminən 2 il 6 aydan sonra (15 aprel 2011-ci ildə) başqasının (Biliy Məmmədovanın) adına verdiyi analoji sənədsə doğrudur?! Bu ki “yersiz gəldi, yerli qaç” məsəlini xatırladır. Belə halda düzəliş nəyə görə torpağın ilkin sahibinin sənədində edilməlidir və hansı məntiqlə mərhumun ailəsi buna razılıq verməliymiş? Xüsusən də Dövlət Əmlak Komitəsinin mərhum şairin ailəsinin adına verilmiş sənəddə düzəliş etmək istəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinin, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də “Daşınmaz Əmlakın Dövlət Reyestrinin aparılma Qaydaları”nın tələblərinə ziddirsə! Çox qəribədir ki, bu məsələ ilə bağlı dəfələrlə müraciət olunsa da, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də konkret mövqe nümayiş etdirmir”.

 “Yersiz gəldi, yerli qaç”?” məqaləsi bu sözlərlə bitir: “Göründüyü kimi, gün kimi aydın, amma nədənsə kimlər üçün qaranlıq qalan mübahisədə cavabsız suallar çoxdur. Amma şübhə etmirik ki, hazırda bu işə baxan Səbail Rayon Məhkəməsində onlara aydınlıq gətiriləcək. Təbii ki, qanun və ədalət çərçivəsində!”

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı