Modern.az

Marşrutda gəzən nazir

Marşrutda gəzən nazir

Country

28 Noyabr 2012, 12:57

... Növbəti dayanacaqda avtobusa doluşan adamların içində o da vardı. Hər kəs özünü avtobusa atmağa çalışırdı, o da həmçinin. Qadına, qocaya əhəmiyyət verilməyən bu basabasda naziri saya salan kim idi. Ələxsüs də, keçmiş naziri...

Oturmağa yer yox idi, təbii. Özünə bir təhər yer eləyib tutacaqdan yapışdı.

Ətrafını saran insanların heç biri onunla bir avtobusda yol getdiklərinin fərqində deyildilər. Ən azı, baxışlardan hiss olunardı. Heç kim yanındakına “Bunu tanıırsan?” deyə pıçıldamırdı.

Əmin oldum, avtobusda heç kim onu tanımadı. Bunun da bir neçə nədəni ola bilərdi. Gənclər onu hardan tanısın. İndi avtobusda deyib-gülən bu gənclərin 20 il əvvəl heç izi-tozu da yoxudu.

Yaşlılar onu daha çox buxara papaqda görüblər. İstər televiziyada, istər mitinqdə ...

Orta yaşlıların da ağlına gəlməz ki, Azərbaycanda nəinki bir il, bir gün belə nazir işləmiş şəxs ictimai nəqliyyatdan istifadə edəcək qədər yoxsul olsun.

Nə isə, avtobusda o şəxsi, o naziri tanıyan adam deyəsən, elə mən idim. Növbəti bir dayanacaqda qarşımda boşalan yerə onu başımla dəvət elədim. O adamı ki, bir zamanlar ən ağır cəzaya layiq görülməsini istəmişəm. Bu günsə, ağzına qədər dolu olan avtobusda boşalan tək yerdə onun oturmasını istədim.

Keçdi oturdu və bu qədər sərnişinin arasında heç olmasa bir nəfərin onu tanımasına bəlkə ürəyində sevindi. Amma sevinməyə də bilərdi. Axı onu üzdən tanıyan adam, həm də onun keçmişini bilir...

Həmin dəqiqələrdə bir anlığa 22 il əvvələ xəyal etdim. Cəmi 22 il öncə millət başına and içirdi onun. Avtobusa minsəydi bütün oturacaqlar onun üçün boşalardı.

Bu günsə cəmiyyət 20 il əvvəlki “ünlü qəhrəmanlarından birini” tanımayacaq qədər unutqan olub.

Deyirlər, 1920-ci il 28 aprel işğalından sonra Azərbaycanın ilk müdafiə naziri Səməd Bəy Mehmandarov böyük məhrumiyyətlər yaşayıb. Onun general qürurunu sındırmaqdan ötrü yaramaz üsullara əl atırmış bolşeviklər.

Mehmandarovun xələfi, yazımın qəhrəmanı isə 10 il müstəqil Azərbaycanın zindanında yatmalı oldu. Həmin 10 il ağır cəza idi, ya bu gün cəmiyyətdən gördüyü biganəlik, sayğısızlıq?

Bu iki cəzanın hansının ağır olduğunu müəyyən etmək artıq onun öhdəsindədi...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı