Modern.az

"Dolma" davası

"Dolma" davası

Ölkə

15 Aprel 2014, 11:55
Dolma" davası Azərbaycanın ermənilərlə apardığı "mədəni" müharibədir. Əvvəlcə bu müharibənin başlıca səbəbi informativ funksiya idi.  Zaman keçdikcə miqyası daha da böyüdü və ictimai şüurun transformasiyasına səbəb oldu. 
"Dolma" davası dedikdə, tək adı çəkilən xörəyin hansı mətbəxə aid olması  uğrunda mübarizə nəzərdə tutulmur. Bu özlüyündə ümumiləşdirilmiş anlam kəsb edir. Buraya, balaban,  tar və kamançanın milli mənsubiyyəti, " Sarı gəlin" bir yana, Brilliantın "Vokaliz"i  və digər bu kimi aidiyyatı olmayan məsələlər daxildir.  Hansı ki, hazırki durumda kənardan çox cılız, bayağı təəssürat bağışlayır. Dırnaqarası milli-mənəvi, mədəni  dəyər carçılarının dəfələrlə qabartdığı bu "problemlər" cəmiyyətin diqqətini mövcud durumdan yayındırmaq niyyəti güdür. Bu da təfəkkürdə nəzərəçarpmaz dəyişiklik və əsasən gənclərin zombiləşməsi ilə nəticələnir.
Bu prossesdə də əsas qüvvə , "generator" funksiyası yerinə yetirən qorxulu oxumuşlardır. Onların boş idealları, fantazmı hesabına hazırda elan olunmamış müharibəmiz məişət çərçivəsindən kənara çıxa bilmir.
İdman yarışlarında əsas missiya olaraq erməniləri geridə qoymaq istəyirik. 8 yaşlı uşağın erməni rəqibini döyməsiylə qürur hissi keçiririk. "Eurovision"da hər il ermənilərdən öndə olmağımızla fəxr edirik. Beləliklə, qatarı geri qaytarmaq bir yana qalsın, arxasınca əks istiqamətdə baxırıq.
Azərbaycan insanı kiçik nailiyyətlərlə öyünməyə meyllidir.  Minimalistdir. Mövzuyla biləvasitə əlaqəsi olmasa da,  bir nümunə gətirmək istərdim; İstər klub, istərsə də milli səviyyəsində beynəlxalq arenada çıxış edən  komandalarımız hansı hesabla məğlub olur-olsun, xalqımız mütləq oradan bir qəhrəman tapıb, çıxaracaq. Həmin şəxsi önə çəkib, digərlərini onun fonunda olduğundan artıq kiçildəcək. Eləcə də müharibələrdə. Əsrlər boyu əsarət altında yaşamışıq. Tarix dərsliklərindən öyrəndiklərimizi nəzərdən keçirsək, hələ Manna dövlətinin vaxtından tarixi Azərbaycan əraziləri dəfələrlə döyüşlərə şahidlik etmişdir. Oxuduqlarımıza əsaslansaq soydaşlarımız yaşadığı əsrin hər rübü  müharibələrlə üz-üzə qalıb. Bu müharibələrin də əsas səbəbi ərazi iddiaları olmuşdur. Qələbələrimiz məğlubiyyətlərlə müqayisədə çox kiçik görünür. Bu minvalla kiçilərək hazırki duruma gəlmişik. Bütün bunlara baxmayaraq hər müharibədən bir qəhrəman kəşf olunmuş,  bütləşdirilmiş, şərəfinə abidələr ucaldılmışdır. Qəhrəmanlıq tarixi fenomenologiyası bütün məğlubiyyətlərin fövqündə dayanmışdır. Hadisənin bütün təfərrüatları fərdi qəhrəmanlıqların kölgəsində qalıb.
Dolma müharibəsinin geniş miqyas almasında televiziyanın, digər KİV-lərin rolu böyükdür. Hər hansı ifaçının soyqırımı və işğal olunmuş ərazilərin ildönümündə  toyda ifa etməsini kütləvi qınaq obyektinə çevirərək, yanlış patriotik xarakter formalaşdıran media mənsubları bununla kütlənin hesabına reytinq yığmağa çalışırlar.  Onlara istinad etsək, bütün başımıza gələnlərin günahı Tacirin erməni ilə şəkil çəkdirməsində imiş.  Xalqın vətənpərvərlik hissindən məhrum olmasının səbəbi Nadirin soyqırımı günü toyda ifa etməsi imiş.  
Televiziyalarımızın "Xəbərlər" proqramındakı məşhur "Yerevan görüntüsü"nü yada salın.  Və 20 il öncə çəkilən bu kadr fonunda yüksək işıqlandırılma effekti sayəsində, gün ərzində dəfələrlə nümayiş etdirilən Bakının gecə görüntüsü.  Hər ikisini müqayisə etdikdə  paradoks çıxır ortaya. Bunu reallığın əksi istiqamətində çözmək üçün xəyali üçüncü göz gərəkdir.  Bu üçüncü gözün isə hər hansı üstünlüyü yoxdur. Əksinə,  digər ikisinin üzərinə cahillik pərdəsi çəkir.
Müharibələr əsasən siyasi sferada baş verir. Münaqişənin sülh yolu ilə həlli gərəkirsə, bunun üçün xarici müdaxilə lazımdır. Xarici siyasətdə isə mütləq həqiqət yoxdur. Burada həqiqət, onun necə, hansı yollarla çatdırılmasındadır.
Mübarizəni absurd kontekstdə, dar çərçivədə  aparan xalq üçün məğlubiyyət qaçılmazdır. Nə qədər ki,  törədilən vəhşiliklərə göz yumacağıq, əvəzində qələbəni kiçik qəhrəmanlıqlar fonunda dərk edib, mətbəxdə, səhnədə, idman salonlarında qeyd edəcəyik,  güləşçimizin erməninin "boyun yerə soxmasına" ürəkdolusu qəşş edib, sadəlövhcəsinə qürrələnəcəyik, dünya birliyi də qərarları ilə bizə qəşş edəcək.  Daha da sərt. SUSMAQLA!
"Dolma davası" aparan  xalq heç zaman ciddi qəbul olunmayacaq.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı