
“Əlbəttə, Allah-Təala israfçılığı bəyənmir. Mən özüm də israfçılığın əleyhinəyəm. Amma xalqın adət-ənənəsinin əleyhinə getmək olmaz”. Bunu Modern.az saytına “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov deyib.
Hacı Əbdül gündəmi zəbt edən yas mərasimlərindəki israfçılıq və onun qarşısının alınması üçün icra qurumlarının keçirdiyi tədbirlərdən danışarkən qeyd edib ki, qadağalar məntiqsizdir:
“İnsanların şəxsi həyatına müdaxilə edilməsinin əleyhinəyəm. Kimin nəyə gücü çatırsa, onu edir. İmkanı yoxdursa, ehsan süfrəsi açmasın. Heç kəsə icazə verilməməlidir ki, insanların məclisini dağıdıb, süfrəsinin duzunu qaçırsın. Bu, dində də, dünyəvi adətdə də yolverilməzdir, özbaşınalıq, xalqın mənəviyyatına müdaxilə etməkdir”.
Hacı Əbdül rəhbərlik etdiyi cəmiyyətin fəaliyyətindən danışarkən qeyd edib ki, indi də əməllərindən peşmançılıq çəkərək “Tövbə”yə gələnlər az deyil.
“Yanıma tövbəyə gələnlər çox olur. Amma onların içərisində müğənni və siyasətçilər yoxdur. Hərçənd ki, məhz onların içində tövbəyə namizədlər daha çoxdur, amma təəssüf ki, gəlmirlər”.
Azərbaycan siyasətində bir zamanlar aktiv mütəllibovçu kimi tanınan Hacı Əbdül hazırda Azərbaycanda yaşayan eks-prezidentlə əlaqəsinin olmadığını bildirib: “Mən yalan danışmağı sevmirəm. Bir zamanlar olsa da, indi Ayaz Mütəllibovla əlaqəm qəti yoxdur”.
Gülşən RAUFQIZI