Modern.az

Ölüm kamerası ilə əfv arasında...

Ölüm kamerası ilə əfv arasında...

Ölkə

22 Dekabr 2014, 16:55

İctimai-siyasi aktiv məhbusların “Ölümlə əfv arasında qalaramsa, birincini seçərəm” ritorikası,  əslində çox-çox keçmiş zamanların inqilabi proseslərindəki fəalların, ideoloji mübarizə fədakarlarının mətanətinə xas üslubdur. Siyasi romantizm dövrləri, keçilmiş mərhələlər olduğundan,  bu günün  prizmasında bu şüar sözün zahiri dəbdəbəsidir,  özgə dərin, gerçək bir məna gücünə malik deyil. Hər şeydən əvvəl ona görə ki, həbsdə olan bir qrup insan nə qədər savadlı, yaxşı insan keyfiyyətlərinin sahibi olsalar da, onların fəaliyyətlərinin  ilahidən gələn bir missiya ilə əlaqəsi yoxdur. Ölümü  yenilməklə əldə edilən azadlıqdan ön plana,  yalnız demokratiya “cihad”ı üçün  çiyinlərinə siyasi-mənəvi  funksiya yüklənən seçilmiş,  fenomen insanlar qoymağı bacarır.             

Doğrudur, bizim yaddaşımızda cəzasının çox  qismini çəkmiş, yerdə qalan qisminə də dözüm sərgiləyən Əli İnsanov örnəyi var. Üstəlik, suçlandığı cinayətdə qondarma ittihamdan söhbət gedə bilməz; hətta 2005-ci ildəki dövlət çevrilişi cəhdlərində onun ləpirlərinin aşkarlanması, birbaşa-dolayısı maraqları heç kimdə şübhə doğurmasa da, İnsanov öz  əməlindən peşmanlıq ifadəsi olan əfv ərizəsinə  sarı heç bir addım atmaq istəmir.        

Bu, hər şeyə rəğmən yaşının bu çağında, fiziki imkanlarının tükənməyə doğru getdiyi bir vaxtda  iradə möhkəmliyini, insanın ömrünü çürüdən həbsxananın, hüzn kamerasının ağırlığına mətanətli olmağın təntənəsini  yaradır.

Əli İnsanov kimiləri isə tək-tək meydana çıxır. Çünki başqa bir tərəfdə siyasi proseslərlə bu və ya digər dərəcədə bağlı, istər  jurnalist, istərsə də ictimai təşkilat sədrlərinin ailəsinin, yaxud, özünün imzası ilə əfvin humanizminə sığınması misalları dayanır.

“NİDA” ictimai hərəkatının ayrı-ayrı vaxtlarda azadlığa buraxılan və ilin sonuna gözlənilən ənənəvi fərmana düşmək üçün  əfv ərizəsi yazan altı üzvünün addımı insanın çətinliklər qarşısında geç-tez sınmasının, əqidəsində, mövqeyində davamsızlığının, prinsipsizliyinin örnəyi kimi qabarır. Hərçənd ki, NİDA-çıları başa düşmək çətin deyil: həyat onlar üçün yeni başlayır, bir şəxsiyyət olaraq özünü təsdiqləməyə ehtiyac var. Onların reytinqləri, ictimai obrazları hələ formalaşmayıb. Sınmaq nə deməkdir- onlara daxili iztirab gətirmir. Siyasət onlar üçün xobbi kimi başlayıb. Hansısa bir liderin ətrafına çevrilmək, siyasi partiyanın həndəvərində görünmək duyğusu  gənclik ədasının nəticəsi kimi baş qaldırıb.   Bu mənada onların öz günahlarını boynuna alması, əfv ərizəsi yazması, nə öz çevrəsində, nə qeyri tərəfdə qınaq predmetinə çevrilmir. Yeni formalaşan gəncliyin radikallığına hakimiyyət,  əfv “səhv”inə isə mənsub olduğu düşərgə  imtiyaz tanıyır.        

Son illərdə ardıcıl olaraq müxtəlif motivlər üzrə həbsə girənlərin kimliyinə baxanda, onların bir qrupunun  öz azadlıqlarını əfvlə geri alacaqlarına və əgər uzun cəzalar sona qədər çəkilməli olarsa, əfvlə almayacaqlarına da qəti hökm vermək çətinləşir.  Ona görə yox ki,  bu insanlar özlərinin dediyi kimi tamamən günahsızdır; sırf ideya düşkünüdür; liderinə sitayişi dininə sitayişi kimidir; siyasi əqidə sadiqliyinə xəyanət meyli yoxdur; məhbəsi demokratiya uğrunda iztirab kimi qəbul edir- bunlar bir az  mübaliğə olardı; indi hər kəsin realist olmaq məcburiyyəti var, çünki bu məcburiyyətin içərisində insanın sağlamlığı, həyatının davamı, ictimai-sosial statusunun gələcəyi,  yaxınların, doğmaların yaşam qayğıları və bu qayğıların məsuliyyətli tərəfi olmaq dayanır.

Bu tip insanlar üçün əfv ərizəsi sadəcə, mənən ölməni, şəxsiyyət kimi əzilməni təsdiq edən möhürdür. Əfv yazmaq ictimai reytinqdən məhrum olmaq, mənən sınmaq, başqa çevrələrə bağlı maddi zəmanəti olan  fəaliyyətinin  itirilməsi, yaxud, alternativ bir madiyyat, üstəlik, başqa ictimai statusun qazanılması imkanlarının sıfırdan başlanması qorxusudur.


Başqa birisini yazılacaq əfv ərizəsinin qəbul olunub-olunmamaq tərəddüdləri sıxır. Axı hər yazılan əfv ərizəsinə də xoş qarşılıq verilmir. Bütün rəsmi, qeyri-rəsmi ittihamların tez bir zamanda bağışlanma mümkünlüyü olmur.  Atılan hər bir addımın pozitiv sonluğuna olan tərəddüdlər ictimai aktiv məhbusları  ölüm kamerası ilə əfv arasında saxlayır.

Cinayət işinin ləğv olunmasını gözləmək, beynəlxalq təşkilatların hərəkətə keçəcəyinə ümidlərlə arxayınlaşmaq boş təsəllidən başqa bir şey deyil. Çünki illərdir, Avropa qurumları  bəzi ictimai-siyasi fəal məhbusların populyar lobbisinə çevrilsələr də, hakimiyyətin qətiyyəti onların müdafiə kampaniyasını heçə endirib.

Demokratik idarəçilik ənənələri bizdən daha yüksək olan Türkiyədəki son həbslər göstərir ki, qeyri-demokratik addım, insan haqları, vətəndaş cəmiyyəti əleyhinə tədbirlər təsiri bağışlayan daxili siyasətin bir qisim nüanslarının arxasında bəzən hamının bilmədiyi  mühüm faktlar cəmi dayanır və bunun çözümü üçün çıxarılan qərarların başqa alternativi olmur.  Odur ki, dövlətin mənafeyi baxımından səbəbi olan bütün deyil, yalnız bir neçə həbsə beynəlxalq təşkilatların  müdaxiləsindən heç bir söhbət gedə bilməyəcəyini, həm Türkiyənin, həm də Azərbaycan rəhbərliyinin mövqelərindəki prinsipiallıq, inad və Avropa qurumları, Qərb təşkilatlarına öz gözlərində  tük axtarmaq məsləhətindəki cəsarət tonu  sübut edir...

Hakimiyyət ictimai-siyasi fəal məhbuslar kateqoriyası üçün vaxtından qabaq azadlığın şərtini əfv ərizəsinin yazılması proseduruna  bağlamaqla, təqsirin dərki, islah olunub-olunmamağın nəticəsini almağa çalışır. Çünki siyasi mübarizənin yabançı təsirlər altında aparılması meyllərini, nifrət, kin sindromunu dəyişməyə hakim düşərgənin özü də maraqlıdır.

...Şəraiti lap yaxşı olan, insana bol-bol mütaliə imkanı yaradan, səmavi kitablara maraq oyadan, “Quran”ın  fəlsəfəsinə meylləndirən qapalı həyat düşərgəsi həbsxana, hər halda insan üçün bir  ölüm kamerasıdır; onun sağlamlığını məhv edir, mənliyini, ruhunu əzir,  ona bu dünyanın cəhənnəm əzablarını yaşadır, gec-tez  onu mütiləşdirir.

Bu həqiqətdir ki, öz əqidəsindən heç nəyi güzəştə getməyənlər ən sonda sınıblar. Çünki günəşin parlaq şəfəqlərini doyunca görməyib kədərdən dəli olmaq həddinə çatan məhbuslar qədər azadlığı kimsə arzulamır; hər şeydən yüksək hürr olmaq xəyallarının gerçəkliyə qanadlanması üçün çox şeydən keçməli olur-mövqeyindən, fəaliyyətindən, çevrəsindən, liderindən.

Təki həbsxananın ağır havasında, rütubətində, qaranlığında, vahiməsində, bəzən ölüm səssizliyində, bəzən qarmaqarışıqlığında, davasında, söyüşündə şam kimi əriyib sönmək aqibətindən yaxa qurtarılsın.

İnsan qəlbinin, şəxsiyyətin xarakterinin ən müsbət cizgisi bağışlamaqdır. Əfv humanizmdir, ləkə deyil; əfv ədalətli, vicdani  addımdır, insanı utandıran hərəkət deyil. Əfvi istəyən böyük, əfvi edən daha böyükdür.

Tanıdığımız isimləri  Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü üçün imzalanacaq əfv fərmanında görmək ümidi ilə...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı