Modern.az

Vəkil: “Doğum evində ölən gənc ananın qanını batırırlar”

Vəkil: “Doğum evində ölən gənc ananın qanını batırırlar”

Country

13 Oktyabr 2010, 19:07


«Hacıyev Aydın Telman oğlunun həyat yoldaşı Kəmalə Əliyeva Bakı şəhəri Hacı Qasımov adına 1 nömrəli doğum evində həkimlərin düzgün müayinə və müalicə etməməsi səbəbindən dünyasını dəyişib. Bu azmış kimi ölüm faktını araşdıran Nəsimi rayon Prokrorluğunun müstəntiqləri bununla bağlı cinayət işinin başlanmasını dəfələrlə rədd ediblər».
Bu fikirləri dünən «Şərq» qəzetinin redaksiyasında mətbuat konfransı keçirən zərərçəkmiş A.Hacıyevin nümayəndəsi və onun hüquqlarını müdafiə edən Qabil Yolçuyev söyləyib. K.Əliyevanın dünyasını dəyişməsinə səbəb olan həkim səhlənkarlığandan danışan Q.Yolçuyev bildirib ki, 2010-cu il fevralın 13-də 6 aylıq hamilə olan mərhumədə qanaxma olub: "Ona görə də həyat yoldaşı Aydın Hacıyev Kəmaləni Binəqədi rayonundakı Məlikov adına xəstəxanaya aparıb. Xəstəxanada xəstə “UZİ” müayinəsindən keçirilib. Müayinənin nəticəsinə görə, Kəmalə 25 həftəlik hamilə olub. Lakin məlum olub ki, xəstədə cift ayrılıb, uşaq da bətində dünyasını dəyişib. Bundan sonra Kəmalə 1 saylı M.Əzizbəyov adına xəstəxanasına gətirilib. Burada mama-ginekoloq Zenfira Babayeva bildirib ki, təcili şəkildə xəstə əməliyyat olunmalıdır və ölü döl götürülməlidir. Bunun üçün isə 800 manat pul istəyib. Xəstə sahibi 650 manat verə biləcəyini söyləyib. Yalnız bundan sonra xəstə əməliyyat olunub və reanimasiya şöbəsində yatızdırılıb».

Q.Yolçuyevin sözlərinə görə, A.Hacıyev həmin günü, təxminən saat 22:00-da həyat yoldaşı Kəmalənin yanına gəlib: «Ondan əhvalını soruşub. O da cavabında çox ağrı olduğunu bildirib. Sonra Kəmalə əlini uzadıb çarpayının yaxınlığındakı qabdan su içib. Tibb bacısına irad tutanda ki, nə üçün xəstəyə su içməyə icazə verirsiniz, o da cavab verib ki, heç nə olmaz, bizdə bütün xəstələr su içir».
Q.Yolçuyev deyib ki, elə həmin günü gecə saat 1-2 arasında A.Hacıyeva zəng edərək həyat yoldaşının vəziyyətinin ağır olduğunu bildiriblər. Xəstəxanada A.Hacıyeva təcili qan və bəzi dərmanlar lazım olduğu bildirilib və o dərmanları alıb gətirdikdən sonra həyat yoldaşının dünyasını dəyişdiyini deyiblər: «Bu zaman xəstəxananın baş həkimi Stella Abbasova da orda olub".
K.Əliyevanın ölümü ilə bağlı xəstəxanada heç bir aktın tərtib olunmadığını söyləyən Q.Yolçuyevin sözlərinə görə, xəstənin vəfat etməsi həkim Zenfira Babayeva tərəfindən düzgün cərrahi əməliyyat aparılmaması və cərrahi əməliyyat aparıldıqdan sonra və eləcə də vəziyyəti pisləşdiyi zaman lazımi tibbi köməklik göstərilməməsi, müayinə və müalicənin düzgün təşkil edilməməsi nəticəsində baş verib.

Ölüm faktı ilə bağlı Nəsimi rayon Prokurorluğuna şikayət etdiklərini söyləyən Q.Yolçuyev əlavə edib ki, iş prokuror köməkçisi Zahid Qarayev tərəfindən götürülüb: "Bu zaman tibbi ekspertizanın cavabını da zərərçəkmişə verməyiblər. Bundan sonra da Z.Qarayev işi bağlayıb və bildirib ki, burada cinayət tərkibli əməl yoxdur. Bununla bağlı Nəsimi rayon Məhkəməsinə müraciət etdik. Məhkəmənin 10 iyun 2010-cu il tarixli hökmündə bildirilir ki, prokuror köməkçisi Z.Qarayevin 17 may 2010-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı qanunsuz hesab edilərək ləğv edilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Nəsimi rayon Prokurorluğunun diqqəti Azərbaycan Respublikası CPM-nin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb edilməklə həmin tələblərin yerinə yetirilməsi təmin edilsin. Bundan sonra Nəsimi rayon Prokurorluğu məhkəmənin qərardan Apelyasiya Məhkəməsinə protest verdi. Lakin Apelyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxladı və iş yenidən araşdırılması üçün Nəsimi rayon Prokurorluğuna göndərilib. Lakin buna narazılıq edən A.Hacıyev işin araşdırılması üçün başqa rayona verilməsi ilə bağlı Baş Prokurorluğa və Bakı şəhər prokurorluğuna müraciət edib».
Q.Yolçuyevin sözlərinə görə, onun bu müraciətinə cavab verilməyib və iş Nəsimi rayon Prokurorluğunda müstəntiq Vüsal Tağıyeva tapşırılıb: "V.Tağıyev də tam araşdırma aparmadan cinayət işinin başlanmasını rədd edib. Lakin Nəsimi rayon prokurorunun vəzifəsini icra edən, baş ədliyyə müşaviri Müqabil Xəlilov yenidən araşdırılma aparılması barəsində qərar verir. Amma bunun üstündən 10 gün keçəndən sonra yenidən cinayət işinin başlanması rədd edilir. Onlar bu hərəkətləri ilə özlərini təmizə çıxarmaq istəyiblər. Guya, işi dərindən və bir neçə dəfə araşdırıblar. Ona görə də mən bunların bu qərarından Nəsimi rayon Məhkəməsinə şikayət etmişəm. Nəsimi rayon Məhkəməsi də işin araşdırılması ilə bağlı qərar qəbul edib».

Q.Yolçuyev mətbuat konfransı keçirmələrində məqsədin ölüm faktının araşdırılması olduğunu bildirib: «Biz istəyirik ki, bu cinayət işi düzgün araşdırılsın. Ölkə rəhbərliyindən və baş prokurordanxahiş edirik ki, bu məsələdə zərərçəkmişlərə yardımçı olsunlar».

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı