Modern.az

Mental QADAĞALAR - Bunlar nəyi dəyişəcək?

Mental QADAĞALAR - Bunlar nəyi dəyişəcək?

Ölkə

7 Oktyabr 2015, 10:42

Milli dəyər, milli mentalitet sözünün arxasında nələrin anlaşılmasıni təyin etməkdə hələ də acizəm. Ümumiyyətlə modern dünyada hansı mentalın və ya dəyərin hansı millət üçün keçərli olmasını təyin etməyə çoxlu cəhdlər var və bu minvalla irlandlar üçün, şotlandlar üçün və ya Güney Afrikadakı Zulu tayfaları üçün spesifik mentallığın axtarışında xeyli tapıntıları ortaya qoymaq mümkündür. Elə bizim göz bəbəyimiz olan xalqımızın da qürurla xatırlatdığımız qonaqpərvərlik və tolerantlıq keyfiyyətlərinin tam mental xarakter olaraq ümumiləşdirilməsində neçə çətinliklər yaşamaımızın gündəlik həyatımızda sübutlarında xeyli maraqlı məqamları üzə çıxara bilmişik. Bir çox hallarda qonaqpərvərliyin yeməkpərvərliklə əvəz olunması, xoşgörünün adi bir qonşuluq münasibətində başyarıya çevrilməsi hallarına unutmadan baxılmalıdır. Bu səbəbdən də kiminsə yaşamındakı forma ekzotikasının qalıcılığı və faydalılığı barədə qəti mühakimə yürütmək ağır işdir.
Artıq Vaqif Mustafazadənin bığ stili və geniş balaqlı şalvarı onun musiqisinin notlarından çox-çox arxa planda qalıb, artıq Peyğəmbərin saqqalını yamsılayan qatillər dəstəsi müsəlman adını qanın içində gizlədib, artıq demokrat adını mənimsəyən avropalı centlmen yanından keçən mühacir insana bizim çobanın öz keçisinə atdığı badalaqdan atır və bunları hansısa formada mentallaşdırmağı da öz siyasi məqsədlərinə uyğun olaraq gerçəkləşdirirlər. Hətta bir sıra müsəlman kimliyinin təkəbbürünə qapılmış virtual dostların ötən həftə paylaşdığım yəhudi lideri Şimon Peresin düşünən insanlar üçün faydalı fikirlərini məhz yəhudi olduğuna görə eşitməkdən belə imtina etmələrinin arxasında bu mentallığın vahiməsini hiss edirsən. Bu adamlar fikri sevmirlər, ancaq hansısa yəhudinin kəşf etdiyi işığın altında namazlarını qılırlar, min cür çeşiddə maşınlarına pul verib yollarda şütüyürlər və özlərini elə aparırlar ki, sanki bu maddi nemətlərin fikirlə əlaqəsi köklü-dibli olmayıb.

Son günlərdə televiziyalardaki bir sıra bayağı sayılan verilişlərlə bağlı çıxan qadağa qərarlarında da bu mentallıq narahatedici amilə çevrilir. Sadəcə səlahiyyətlərimizdən istifadə edərək bağlayıram demək, daha səmimi olardı məncə. Milli dəyər və milli mentalitetin işin içinə qatılması təqribən səlahiyyət sahibi olan bir məmurun bir-iki il öncə icbari qaydada şəhərin ortasında uzunluq ölçüləri ilə hazırlatdığı tort və ya paxlava formasında bir nəticə ortaya çıxarır.

Sözün kəsəsi, iqtisadi terminləri də işə qatası olsaq, məhz milli mentallığın tələbi üzərinə televiziyaların bu təkliflə insanlara üz tutduğunu daha aydın görərik. Bəlkə də bu nöqtədən yol alaraq bayağılıq məfhumuna sosial şəbəkədə olan münasibətlə müqayisədə baxmağı daha faydalı hesab edirəm. Məsələn, ara-sıra öz səhifəmdə hansısa vacib hesab etdiyim kitabı oxumağı tövsiyə edərək paylaşıram. Heç özümü dağa-daşa salmayım: bəyənənlərin sayı 150-ni keçmir. Bir maraqlı təbiət qoynunda, ictimai-siyasi fəaliyyətlə bağlı şəkil, yaxud da bir futbol oyununa münasibəti paylaşarkən bu rəqəmin beş-on qat artığını dərhal qazanırsan. Nə demək bu? İnsanlarımızın çoxu düşünməyə vadar edən, mürəkkəblik yaradan tövsiyyəni çox da yaxına buraxmaq istəmirlər. Televiziya məkanından da əslində gözlədikləri budur: melanxolik vaxtöldürmə.


Vətəndaş müraciət etdiyi qapılarda problemini çözə bilməyəndə, hətta mədəni, yumşaq cavab almayanda Xoşqədəmi, Zauru, Mikayılı, Mətanəti son ümid yeri kimi axtarmağa başlayır. Əlbəttə, bu verilişləri qadağan etmək barədə qərara gələnlərlə razılaşmaq olar ki, teleməkandakı onlarla verilişdə bayağılıq, etik çərçivələrlə bağdaşmayan kifayət qədər məqamlar var. Ancaq bu məqamlar yalnız televiziya məkanında deyil ki?... Bu universitetdə də, metroda da, stadionda da var. İnsanlar ekran qarşısına cəmiyyətdəki çeşid-çeşid bayağılığın içindən keçərək gəlirlər.

Yəni faydalı nəticə əldə etmək baxımından ilk öncə bu sualı cavablandırmaq yerində olardı: Bu qadağalar nəyi dəyişəcək? Bir veriliş yox olacaq, bir aparıcı gözümüzə görünməyəcək, ancaq televiziyanın qarşısında oturan və sadəcə düşünmədən gülmək və ya ağlamaq istəyən çoxluğun arzusunu, istəyini nə ilə təmin edəcəksiniz? Siz Çarli Çaplinin səssizliyinin içindən gələn gülüşünün alternativi olaraq ləhcələrlə, bambılılıqla, qarderobla, cinsi paltardəyişmələrlə hırıldalaşmaya qucaq açan yüzminlərlə seyrçini mentallığının qarşısına qadağan işarəsi qoyduğunuzda, yeni bir planetə axın başlamayacaq ki...

Reallıq budur ki, NASA-nın Marsda su əlamətləri tapmasını, Quranda belə Yaradanın Cənnət vədini bizim çoxluğa bir az bayağılaşmış formasında yedirtmək lazım. Bizdə kimsə restoranına Cəhənnəm adını qoymur, kimsə Şeytan adını marketinin, şadlıq evinin üzərinə yapışdırmır. Cənnət, Mələk adları afişaların içindən insanı bu dünyada maddiləşdirdiyi axirətə bağlı saxlayır. Hətta bir kənd mağazasının adını Okean seçən zarafatkeş bir sahibkarla, özünə Korifey adını ləqəb olaraq yapışdıran şoukeş bir manısa ancaq və ancaq öz məzhəkə rəsmləri ilə bəzənmiş qabında yemək verməyə enində-sonunda məcbur olacaqsınız. Ona görə də mənim konsepsiyam fərqlidir: Televiziyaları mümkün qədər bayağılaşdırmaq lazımdır ki, insanların bir qismi düşünə biləcəyi, oxuyub-araşdıra biləcəyi, müşahidə edə biləcəyə məkanlara doğru yönəlsin. Bunun üçün Xoşqədəmi, Zauru, Mətanəti, Mikayılı bağlayıb efirdən uzaqlaşdırmaq yox, hər ağlaşmanın arasında, hər gülüşmənin arasında məhz onların vasitəsi ilə insanlarımıza faydalı olan, onların şüuraltına barışa, yaxşılığa, xeyırxahlğa, xoşgörüyə yönləndirən fikirlər, mesajlar köçürmək daha doğru olmazmı?

Mən həqiqətən bu verilişləri zövqümdən kənar olduğuna görə izləmirəm. Ancaq mən hər gün bu verilişləri izləyən insanları izləyirəm. Və duyuram ki, cəmiyyətimizin real tablosunda yaxşılıq, xeyirxahlıq, humanizm, hüquqa sayğı prinsipləri yüksəlmədikcə, o insanlar gözləri ilə hətta sönmüş televizorun içindən belə həmişə kimisə axtaracaqlar... Dünən də, bu gün də Məhəmmədhəsən əminin axtardığı ilə Kolumbun axtardığı predmetlər isə həmişə fərqli olacaq...
Bundan sonra axtarmağı qadağan etmənin bir mənası qalırmı?

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı