Modern.az

Dünyanın bizə qaraçı kimi baxmağını istəmiriksə...

Dünyanın bizə qaraçı kimi baxmağını istəmiriksə...

Ülke

10 Dekabr 2010, 18:39

Tez-tez  “müstəqilliyimiz geri dönməzdir” deyib başımızın altına yastıq qoymağı, xumarlanmağı yaman sevirik. Amma dünyanın gedişatı göstərir ki, müstəqillik öz-özlüyündə heç də geridönməz, “odda yanmaz, suda batmaz”  nemət-zad  deyil. Bu günədək  bir çox dövlətlər, millətlər öz müstəqilliyini və azadlığını əldə edib və  sonra müxtəlif səbəblərdən itirməli olublar.

Dünyanın gözü qarşısında apardığı bütün mütərəqqi, demokratik, iqtisadi islahatlara baxmayaraq ötən il Gürcüstan dövləti öz müstəqilliyini itirməklə üz-üzə qalmışdı və bu təhlükə hələ də sovuşmayıb. Daha doğrusu, ərazisinin 20 faizini de-fakto itirən Gürcüstan, həmin ərazini de-yure itirməli oldu.

Bir neçə gün öncə qonşu dövlətin başçısı Saakaşvili Astanada əbəs yerə bəyan etmədi ki, onun ölkəsi ancaq bir halda hərbi gücdən istifadə edə bilər: Bu o halda olacaq ki, işğal olunmamış  80 faiz əraziyə hərbi müdaxilə baş verəcək.

Bu, elə Gürcüstanın öz ərazi bütövlüyündən dolayısı ilə imtinası demək deyilmi?

Və kim qarantiya verir ki, qonşu ölkənin bu gün işğal olunmayan 80 faiz ərazisinin 20 faizi sabah işğal olunmayacaq.

Yəni dövlətlər elə çıxılmaz vəziyyətə salınır ki, o, öz ərazi bütövlüyündən az qala  “könüllü” imtina etməli olur. Yeri gəlmişkən, son yarıməsrdə beynəlxalq hüququn ən əsas prinsiplərindən biri olan dövlətlərin ərazi bütövlüyü prinsipi də deyəsən yavaş-yavaş əriyir və  dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi şübhə altına alınır...   

Müstəqilliyimiz  geri dönməzdir ?..

Müstəqilliyin geri dönməz-əbədi olmadığının bariz nümunələrindən biri də elə Azərbaycandır.

Bizim özümüz elə keçən əsrin 20-ci ilində müstəqilliyimizi itirmədik?

Bu yenidən təkrarlana bilər və biz öz müstəqilliyimizi yenidən hansısa başqa bir formada itirə bilərik, bizim müstəqilliyimiz formal bir şeyə çevrilə bilər.

Mənə elə gəlir ki, diqqətli oxucu başa düşür ki, söhbət üçrəngli bayaraqdan, gerbdən, himndən, yaxud “Bir kərə qalxan bayraq, bir daha enməz!” şüarından, atributlardan, hətta hansısa XI Ordudan da getmir. Söhbət həm də ondan gedir ki, bu üşrəngli bayraq Ağcabədidən o tərəfə, Cəbrayıla, Zəngilana,  Laçına, Şuşaya, Xankəndinə gedə bilcəkmi?

Hətta əksi də baş verə bilər. Axı 1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndə bu üçrəngli bayraq Şuşada, Xankəndində, Laçında dalğalanırdı...

Ona görə də yenidən belə bir aqibətlə üzləşməmək üçün bir millət olaraq papağımızı qabağımıza qoyub ciddi düşünməliyik. Çünki ərazisinin 20 faizini 20 ildir itirmiş və onun bir qarışını qaytara bilməyən, ümumiyyətlə, düşdüyü ağır vəziyyətdən çıxış yolu tapa bilməyən bir millətin öz müstəqilliyini gec-tez itirməsi labüddür.

Və kim qarantiya verir ki, nə vaxtsa qalan 80 faiz ərazimizin də 20 faizini itirməyəcəyik?

Onu da nəzərə alsaq ki, XXI əsrin əvvəli ötən əsrin əvvəlinə yaman bənzəyir, sanki dünyada gedən proseslər təkrarlanır. Həm də dünyada daha sərt oyun qaydaları tətbiq olunur, dünyada gedən siyasi proseslər daha qəlizləşir, daha amansızlıq, qaydasızlıq hökm sürür...

Ən qorxulusu isə odur ki, əhalimizin əksəriyyəti 20 illik müstəqilliyin heç iyisini, dadını belə duymadı, əksinə camaat  “əşi, bizə belə müstəqillik lazım deyil” düşüncəsi ilə yaşayırlar.

Ona görə də müstəqilliyimizi itirmək istəmiriksə, hansı cəbhədə, hansı düşərgədə olmağımızdan asılı olmayaraq qarşılaşdığımız problemlərin üzə çıxarılmasına çalışmalıyıq. Məşhur “Problemin düzgün qoyulması, problemin həllinin yarısıdır” deyimini, “Problemin üzə çıxarılması problemin həllinin yarısıdır” kim də ifadə etmək olar. Axı nə qədər problemləri ört-basdır eləmək, alt qata ötürmək olar. Axı bu nə vaxtsa metastaz verib dövləti dağıda bilər...

Problemləri üzə çıxartmaqda, problemləri qabartmaqda  bizim məqsədimiz kimisə hədəfə almaq, kimisə vurmaq, kimisə ifşa etmək, kimisə ittiham etmək, yaxud günahkar axtarışı deyil.

Məqsədimiz  bu günki çatışmazlıqların sabah həll olunmaz problemə çevrilməsinin qarşısını almaqdır.

Axı mətbuatın əsas işi kimisə, nəyisə vəsf etmək, məddahlıq eləmək, yaxud mövcud problemləri kiminsə ayağına yazmaq deyil.           
                                                                               * * *

...Bir də görürsən bir balaca yağış yağan kimi Bakını su basır, şəhər az qala selin içərisində üzür. Adamlar isə küçədə axan çirkab suların içi ilə kenquru kimi hoppana-hoppana, tullan-tullana gedirlər.

Axşam isə təbliğat maşını olan telekanallarımız məcburiyyət qarşısında “üzən Bakı”nı gösərən kimi ardınca tez-tələsik... Nuhun tufanından, Avropanı, Amerikanı, xristian dünyasını bürüyən seldən, daşqından, bir sözlə,  “Qiyamət günü”ndən fraqmentlər göstərməklə sanki əhaliyə demək istəyirlər ki, başqalarına baxanda biz toya getməliyik, bizim vəziyyətimizə min şükür.

Bu, çox ucuz və bayağı, həm də faydasız bir yoldur. Düzdür, şükranlıq yaxşı şeydir, ancaq...

Birincisi, dünyanı bürüyən təbii fəlakətlə bizim ölkəmizi bürüyən  məmur fəlakətini müqayisə etmək hansı məntiqə söykənir?

Hansı məmursa tamahı, ya da ağılsızlığı, səriştəsizliyi ucbatından kanalizasiya lüklərinin ağzını bağlayıbsa və bir az yağış yağan kimi axmağa yer tapmayan su paytaxtı basırsa, bunun təbii fəlakətə, daşqına, zəlzələyə, sunamiyə nə dəxli?

Həm də təbii fəlakət, zəlzələ 3-4 dəqiqə, ən çoxu 5-10 gün çəkir, məmur fəlakəti isə bitib tükənmək bilmir, hər gün ölkəni silkələyir. 

Yaxud JEK-də arayış üçün vətəndaşdan 5 manat almağın, ali məktəbdə  müəllimin tələbədən imtahana görə 100-200 manat istəməsinin dünyadakı korrupsiya probleminə nə dəxli var?

Lap günümüzün biabırçılığı və rəzaləti olan “Ziyanın qoçuları” məsələsinin, yaxud  vergi işçilərinin iş adamlarına monqol-tatar işğalından betər hücumlarının dünyada gedən proseslərlə heç bir əlaqəsi yoxdur. Bu birbaşa idarəetmə və məmur problemidir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycan dövləti üçün ən ciddi təhlükə nə mifik İran-Turandan, nə də Qərbdən-Şərqdən gələcək. Azərbaycan dövləti üçün ən ciddi təhlükə azğınlaşmış, siçovul kimi gəmiriciliklə məşğul olan məmur ordusundan gələcək.

Bunları deməklə biz dövlətimizə kənardan gətirilmiş problemləri nəzərdən qaçırmaq istəmirik.

Epidemiya sərhəd tanımayan kimi bu gün dünyada elə problemlər var ki, onların qarşısını “kəsmək”, sərhəddən buraxmamaq mümkün deyil.

Bu gün kökündə korrupsiya dayanan dünya maliyyə böhranının ölkəmizə təsiri qaçılmazdır. 

Bu gün bütün dünyada məmurların maraqları dövlətin, cəmiyyətin  maraqlarını üstələyib. Yunanstanda məmurların əmlakı, sərvəti son illər 3-4 dəfə artıb, amma ölkənin özü iflasa gedir...

Ümumiyyətlə, dünya büsbütün dəyişib, köhnə dünyadan əsər-əlamət qalmayıb. Ona görə də dünyaya 80-ci illərin ənənəvi baxışlarından, QƏRB-ŞƏRQ, xristian-islam  müstəvisində baxmaqdan qırağa çıxmalıyıq.  Və öz müstəqilliyimizi qoruyub saxlamaq və inkişaf etdirmək istəyiriksə dünyada baş verən proseslərdən baş çıxartmalıyıq. 

Vaxtilə həll olunmuş hesab edilən problemlər yenidən baş qaldırır. Qloballaşma ilə yanaşı bütöv hesab etdiyimiz Avropada, konkret olaraq Belçikada, İspaniyada  yenidən “etnik-milli-müstəqillik” problemləri baş qaldırır.

Dünyanı yenidən tətillər, tələbə hərəkatları bürüyüb, həmkarlar təşkilatı təzədən meydana qayıdır...

Düzdür, Afrikada sabitlikdir, amma qosqoca Avropa qaynayır. 

Dünya dövlətləri öz problemlərini kasıb əhalinin hesabına həll etmək istəyir. Hətta bəzi inkişaf etmiş, mədəni Avropa dövlətləri utanıb qızarmadan öz problemlərini qaraçıların (siqanların) üstünə atmaqla, qaraçıları günahkar çıxartmaqla guya həll etmək istəyirlər.   

Ona görə də dünyanın bizə qaraçı kimi baxmasını, “siqan” vəziyyətinə düşmək istəmiriksə, “Bu gün dünyanın hərəkətverici qüvvəsi nədir”  sualına cavab axtarmalıyıq. Bu isə başqa yazının mövzusudur...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı