Modern.az

“Ukraynada baş verənlər “narıncı inqilab”ın davamı idi” - MÜSAHİBƏ

“Ukraynada baş verənlər “narıncı inqilab”ın davamı idi” - MÜSAHİBƏ

Education

24 Fevral 2014, 14:28

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Modern.az-a müsahibəsində Ukraynada 3 aydan bəri davam edən etirazların nəticələri, buradakı proseslərin digər ölkələrə təsiri, Rusiyanın bundan sonrakı davranışları haqda danışıb.

- Sizin Ukraynada baş verən hadisələrə baxışınız necədir?

- Gürcüstan və Ukrayna hadisələrini elmi şəkildə təhlil edəndən sonra qənaətə gəlmişəm ki, müasir dövrdə avtoritar rejimlərdən demokratiyaya keçid fazalı inqilablar kimi olur. Bundan əvvəlki inqilablar birfazalı idisə, yəni, inqilab olurdu, qalib gəlirdilər, yaxud Yaxın Şərqdəki kimi əks-inqilab olurdusa, indi, sanki bu keçid-inqilab özü iki mərhələdən ibarət olub. Birinci mərhələdə, tutaq ki, proseslər gedir, sonra iki mərhələdə inqilabın qəti qələbəsi təmin olunur. Bu da daha böyük dağıntılardan, itkilərdən sığorta edir. Düzdür, Ukraynada da 100 nəfərə yaxın adam həlak olub. Amma bu, Yaxın Şərq inqilabı kimi olsaydı, ölənlərin sayı milyona çata bilərdi. Buna “narıncı inqilab”ın davamı kimi baxılmalıdır. Sovet hökuməti dağıldıqdan sonra müstəqillik əldə edən ölkələrin böyük əksəriyyəti iqtisadi, sosial cəhətdən Rusiyanın nəzarəti altında idi. Rusiya özündə güc tapandan sonra həmin ölkələri yenidən əsarət altına almağa çalışırdı. Ukraynada demokratiyaya keçid uğrunda xalq ortaya iradə qoydu. İndiki halda biz bunu açıq şəkildə gördük ki, Ukrayna xalqı bir daha Rusiyanın əsarətinə keçmək istəmir. Baxın, dilləri nə qədər yaxın, mədəniyyətləri nə qədər uyğun olsa da, rus dilini qadağan ediblər. Bu da o deməkdir ki, Ukrayna Rusiya ilə bağlı bütün izləri itirmək istəyir. Ukrayna xalqının iradəsi azadlığa, suverenliyə köklənib. Hesab edirəm ki, tökülən qandan sonra Ukraynanın geriyə yolu yoxdur. Rusiya istəsə də Ukraynanı əvvəkli vəziyyətə qaytara bilməyəcək.

- Sizcə, Ukrayna müxalifəti qələbə çalıb?

- Hadisələrdən nəticə çıxarmaq hələ tezdir. Məncə, Rusiya öz kartlarından istifadə etməyə başlayacaq. Birincisi, orada separatçı hərəkatı formalaşdıracaq. İkincisi, orada dini və etnik zəmində müəyyən münaqişələr törətməyə çalışacaq. Hər halda bu, Ukraynanın yeni rəhbərinin nə dərəcədə uzaqgörənliyi və Qərbin Ukraynaya dəstək verməsindən asılı olacaq. Ukraynaya maddi, mənəvi dəstək veriləcəksə, o, azadlıq əldə edəcək. Ukraynada demokratiya qələbə çalsa, bu, Rusiyanın imperiya maraqlarının qarşısından sədd çəkilməsi deməkdir. Bu proses digər ölkələrə də təsir edəcək.

- Qərb dəstək verəcək?

- Mənə elə gəlir, Ukrayna Qərb üçün o qədər mühüm və müstəsna əhəmiyyətə malikdir ki, mütləq bu məsələyə dəstək verməlidirlər. Bu, təkcə Ukrayna məsələsi deyil. Ukrayna müxalifətinin qələbəsi Avropanın siyasi sərhədlərinin genişlənməsi deməkdir. Bilirsiz ki, Ukrayna coğrafi baxımdan Avropa sərhədlərinə daxildir, amma siyasi baxımdan Avropaya aid deyil. Avropa da bu imkanı əldən verməyəcək. Ukrayna böyük dövlətdir və çox böyük geopolitik imkanları var. Ukraynanı müdafiə etməmək Qərbin səhv addımı ola bilər. İnanmıram ki, belə səhv buraxsınlar.

- Rusiya üçün Ukraynanın itirilməsi nə deməkdir?

- Ukraynanın itirilməsi demokratiyanın Rusiyanın sərhədlərinə yaxınlaşması deməkdir. Bilirsiz ki, Rusiyanın ətrafında anti-demokratik müstəqil dövlətlər birliyi var. Buraya Orta Asiya, Qafqaz bölgəsi, Ukrayna, Moldova, Belarus daxildir. Demokratiya Ukraynada qələbə çaldıqdan sonra, artıq Rusiya demokratiya ilə təmasda olacaq. Ukraynada baş verən pozitiv dəyişikliklər Rusiyanın daxilinə də təsir edəcək və bu ölkədə demokratik hərəkat başlayacaq. Bu da Rusiyanın siyasi kimliyinin dəyişdirilməsinə gətirib çıxaracaq.

- Ukrayna parçalana bilərmi?

- Ukraynanın parçalanma ehtimalı azdır. Rusiya belə addım atacaqsa, bu, vətəndaş müharibəsinə gətirib çıxaracaq. Bilirsiz ki, Rusiyanın ərazisində də kifayət qədər ukraynalı yaşayır. Yəni, Ukraynanın Rusiyada böyük bir diasporu var. Ukrayna bu diaspordan istifadə edib, Rusiya üçün çox ciddi problemlər yarada bilər. Həmçinin, Rusiyanın neft və qaz boruları Ukraynanın ərazisindən keçir. Bunun özü də iqtisadi cəhətdən Rusiyanın Ukraynadan asılılığını göstərir. O qədər mürəkkəb asılılıqlar var ki, Rusiya hər hansı addım atacağı təqdirdə, özü hamıdan çox uduzacaq.

- Yuliya Timoşenkonun azadlığa çıxması hansı tərəfin maraqlarına cavab verir?

- Onun azadlığa çıxması bütün tərəflərin maraqlarına cavab verir. Düşünürəm ki, inqilabın başında duran şəxslərin dövlətin başına gətirilməsi başqa cür nəticələr verə bilər. Çünki qisas, intiqam ola bilər. Təcridi keçidi təmin etmək üçün həm də Yanukoviçin komandasındakı müəyyən qüvvələrdən istifadə olunmalıdır. Yəni, koalision hökumət yaradılmalıdır. Ortada olan liderlər arasında Ukraynanı idarə biləcək lider yoxdur. Müşahidələrim göstərir ki, indiki halda Timoşenkonun ölkəyə rəhbərlik etməyə daha böyük şansı var. Onun həbs olunması, Avropa və Amerikanın onu müdafiə etməsi, bundan əvvəlki demokratik hərəkatda əsas liderlərdən biri kimi çıxış etməsi Timoşenkoya daha böyük şans verir. Amma bizim gözləmədiyimiz lider də ortaya çıxa bilər. Elə keçmiş prezidentin özü də yeni prezidentlik iddiası ilə çıxış edə bilər.

- Ukrayna xalqının qələbə çalması GUAM-a necə təsir edəcək?

- GUAM strateji birlikdir. Təəssüf ki, Özbəkistan həmin qurumdan çıxıb. Gürcüstan, artıq demokratik dövlətdir, Ukrayna da bu istiqamətdə irəliləyişlər əldə edib. Azərbaycanda da demokratikləşmə baş versə, GUAM, artıq ciddi birliyə çevriləcək.

- Qərb Ukraynaya verdiyi dəstək kimi bu ölkələrə də dəstək verə bilərmi?

- Qərbin Ukraynaya açıq dəstək verməsinin səbəblərinə diqqət yetirməliyik. Bilirsiz ki, Ukraynada müəyyən miqdarda polyak yaşayır. Ona görə də Polşanın siyasi xadimləri bu işdə aktiv iştirak edirlər. Almaniya da dəstək verir, çünki burada xeyli sayda alman yaşayır. Bir maraqlı məqam da var, sovet hökuməti dağıldıqdan sonra 3 nüvə dövləti yarandı - Rusiya, Qazaxıstan və Ukrayna.  Həmin vaxt Ukraynanın payına düşən atom silahlarının ləğv edilməsi müqabilində müqavilə imzalandı ki, Qərb Ukraynanın müstəqilliyinə və suverenliyinə təminat verəcək. O müqavilə olduğuna görə Qərb açıq şəkildə Ukraynaya dəstək göstərdi. Rusiya isə buna ciddi müqavimət göstərə bilmir. Gərək digər respublikaların da bu cür hüququ və siyasi şərtləri olsun. Təbii ki, Qərb Azərbaycanda və Moldovada demokratiyanı açıq və net şəkildə müdafiə edə bilər. Bir məsələni də bilmək lazımdır, Ukrayna Rusiyanın nəzarətindən çıxacaqsa, Rusiya əvvəlki dövlət olmayacaq. Çünki Rusiya 50-60 milyonluq insan sayını və bir o qədər maliyyə resurslarını itirmiş olacaq. Bu itki Rusiyanın xarici siyasətini korrekt etməsinə gətirib çıxaracaq.

İlkin PİRƏLİ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı