Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bu gün keçirilən konfransında Azərbaycana səfərinin detallarını şərh edib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hökumət başçısı nurçu camaatın lideri Fətulla Gülənin başında durduğu iddia edilən “paralel dövlət” məsələsinin Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə etdiyini açıqlayıb. “Biz paralel təşkilatlanma ilə bağlı müzakirələr apardıq”-deyə R.T. Ərdoğan qeyd edib. Bununla da baş nazir bir daha Fətulla Gülən şəbəkəsinin xarici ölkələrdə, o cümlədən Azərbaycanda təhlükəli həddə çatdığına işarə edib.
Qeyd edək ki, R.T.Ərdoğan aprel ayının 4-də Bakıya rəsmi səfərə gəlib. O, Azərbaycan dövlət başçısı İlham Əliyevlə təkbətək görüşdən sonra keçirilən mətbuat konfransında nurçuluqla bağlı sualları da cavablandırıb. Lakin səfər zamanı aparılan müzakirələrdə nurçularla bağlı tezislərin məqamları barədə yalnız mətbuat səhifələrində təhlillər verilirdi. R.T. Ərdoğan isə bu iddialara rəsmi cavab verməklə deyilənləri qismən də olsa təsdiqləyib.
Modern.az