Modern.az

Müxalifət - iqtidar arasındakı alovu söndürən reformalar

Müxalifət - iqtidar arasındakı alovu söndürən reformalar

Təhsil

22 Sentyabr 2014, 20:55

Son günlər opponent düşərgədə mövcud iqtidarla 20 illik rəqib münasibətləri, çılğın siyasi mübarizənin haqlı və yanlış istiqamətləri ətrafında vacib müzakirələrin başlanma, həmçinin, kobud, sərt rəftarı dəyişmə iradəsinin simptomları özünü göstərir. Sanki bir neçə partiyanın arasında ümumi razılaşma, hətta koordinasiya var ki, müxalif düşərgənin ictimai və beynəlxalq rəydə imicinin dəyişilməsi, demokratiya mücadiləsinin səmərəliliyi üçün ciddi daxili reformalar həyata keçirilməsinə start verilsin.

ADP və Müsavat, Müsavatətrafı partiyaların geniş konsepsiya halında təəssürat doğuran, hakim elita ilə yeni münasibətlər sistemi cızan bu reforma hazırlığı absurd görünə bilər. Lakin reallıq budur ki, bugünkü şərtlər altında münasibətlərin düşmənçilik səviyyəsində stabil qalması da mümkünsüzdür. Yandırıb-yaxan alov bir gün sönməlidir. Reformalar reallığa tətbiq olunacaqsa, artıq bu alov sönməyə doğru istiqamət ala biləcək. Amma bu alovun külü üzərində yox, tam ağ bir səhifə üzərində başlaya biləcək iqtidar-müxalifət münasibətləri qorxulu opponentlikdən faydalı opponentliyə keçidin fundamentini atmaq potensialına malik olacaq.

ADP sədri Sərdar Cəlaloğlu, Müsavat başqanlığına namizədlərdən ikisinin islahatın məzmunu barədə ictimai rəyə ötürdükləri bilgilərə İsa Qəmbərin “demokratiya naminə bir başlanğıc edəcəyik” sitatındakı məntiq güclü inandırıcılıq qatır. Bu islahatlar sivil bir müxalifətçilik, siyasi mədəniyyət formalaşdıran, hər iki düşərgə üçün səmərəli siyasi mübarizə modelini ortaya qoyur.

İslahatın müddəalarında birinci tezis budur ki, müxalifət radikal addımlarına embarqo qoyur, mübarizəni savad, qabiliyyət müstəvisində

apararaq, sosial-siyasi, iqtisadi, hərbi, təhsil, səhiyyə, xarici siyasətlə bağlı öz proqramını ətraflı xalqa təqdim edir, bununla da ictimai diqqəti ifrat tənqidlə, yerli-yersiz kütləvi aksiyalarla, kompromat qovluğu hazırlamaqla deyil, yüksək mədəni davranışla, ağıl səviyyəsi ilə cəlb edir. Beləliklə, cəmiyyətə hansı siyasi qüvvənin üstün komandaya, uğurlu sosial proqramlara, bunu icra edəcək iradəyə malik olması sarıdan müqayisə aparmaq imkanı yaradır. Təbii ki, bu məqsədlə müxalifətə firqə mətbuatı, müstəqil saytlar kifayət etmir. Nəzərə alsaq ki, islahatlara, hətta icazəsiz aksiyalar, ayrılan ünvanlarda hakimiyyətlə toqquşmaya getməmək də daxildir, o zaman ən effektli tribuna olan televiziyalara çıxış vacibdir. Reformalar bu baryerin aradan qalxmasına öz təsirini göstərə və müxalifətin, itirdiyi ən böyük təbliğat müstəvisini məhz reformist davranışları ilə geri alması o qədər də çətin olmaya bilər.

İkinci tezisin mahiyyəti hakimiyyət dəyişikliyində güc metodlarına ümid etməmək, rəngli inqilabları dəstəkləməməklə bağlıdır. İndiyə qədər şəxsi ədavəti siyasi münasibətlərə gətirib hakimiyyət mübarizəsini dramatikləşdirən, kuliminasiya xəttinə qaldıran müxalifətdən belə bir yest təbii ki, hakimiyyətdə demokratiya məsələlərində müxalifətin düşüncələrinə hörmət stimulunu yaradır.

Üçüncü tezis çox vacib məsələlərdə hakimiyyətlə dialoq qurmaq və əməkdaşlığa getmək ənənəsini yaratmaq istəyini ehtiva edir. Bu, bir tərəfdən, hakim qüvvənin fəaliyyətinin ayrı-ayrı məqamlarına yardımçı olmaq, uğurları təsdiqləmək ənənəsinin qoyulması, eyni zamanda hakimiyyətlə konfidensial iş birliyi kimi çirkin mənzərənin yerinə, leqal, qanuni əməkdaşlıq mexanizmlərinin gətirilməsi mənasını ifadə edir.

Bu islahatlara sığınma təsadüfən ortaya çıxmadı. Siyasi institutlarla bağlı atılan addımlar, “Siyasi partiyalar haqqında” qanunun yenidən polemika masası üzərinə gətirilməsi, ümumiyyətlə isə beynəlxalq proseslər fonunda Azərbaycanda preventiv tədbirlər müxalifət partiyalarından güclü immunitet tələb edir. 20 illik mücadilənin yorduğu

müxalifət süqut yaşadığından, kiçik bir siyasi rüzgara da tam gətirmək gücünü daşıya bilmədiyindən, siyasi səhnədən silinib getməmək, siyasi məqsədə çatmaq, öz müqəddəratını həll edə bilmək instruksiyasını reformalarda, özünü islahda, hakimiyyətin zəhmli, barışmaz opponenti olmaq yerinə, barışan, faydalı opponentinə çevrilməkdə axtarır.

Müxalifətin bu gün istədiklərini, əslində hakimiyyət lap çoxdan istəyirdi. İkinci tezis bu mənada iqtidarın diqqətini cəlb edəcək çox vacib tezisdir. Çünki ölkə daxilində aparılan siyasət də məhz bu tezisin məğzi üzərində qurulub.

Aydındır ki, xarici çevrələrin ixrac etdiyi inqilabi proseslərdə müxalifət hər yerdə potensial alıcı statusunda iştirak edir və bu əməkdaşlıq həmin ölkələrin həyatına dirilik iksiri olmur, orada əsl cəhənnəm səhrası yaradır. Hakimiyyətin məqsədi inqilab idxalını dayandırmaq, müxalifəti konstruktiv əməkdaşlığa cəlb edib, qara buludların dağılmasında birgə hərəkət trayektoriyası müəyyənləşdirməkdən ibarətdir.

“Siyasi partiyalar haqqında” qanunun ianə ilə bağlı hissəsində hər bir nəfərin istədiyi siyasi partiyaya ildə 10 min manat verə bilməsi (İqbal Ağazadə yanlış anlaşılan ildə 10 min məsələsinin düzgün variantını hər bir nəfərin 10 min verə bilməsi kimi izah edib-müəl.) elə-belə ortaya çıxmayıb. Hakimiyyət siyasi sistemin vacib həlqəsini xarici maliyyə kanallarından qoparıb, daxili mənbələrə sarı çəkir, onlara ölkəiçi mənbələrdən maliyyələşmə üçün fürsət yaratmağa çalışır.

Təbii ki, Azərbaycanda müxalifətə 10 min manat verə biləcək insanlar uzun siyahıda yer tutmur, üstəlik, bu on min nə qədər çox olsa da belə,

xarici maliyyənin gücünə həyata keçirilən inqilab ssenarilərinə bəs olan məbləği ifadə edəcək gücə yaxın gələ bilməz.

Hakimiyyətin siyasi qüvvələrlə beynəlxalq mənbələrin rabitəsini zəiflətmək məqsədinə islahatameylli müxalifət özünün reforma hazırlığı ilə töhvə vermiş olur.

Əgər bu reformalarda prinsipiallıq qorunub saxlanacaqsa, paralel olaraq hakimiyyətin davranışlarında mülayımləşmə yaranacaqsa, cəmiyyətin siyasi gərginlikdən qurtulması, sağlam siyasi opponentliyin parlament müstəvisinə gəlməsi hadisəsi də baş verə bilər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı